Müsabiqə komissiyasının əsasnaməsi

                                                                    AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
Qəbul edildiyi tarix
31.01.2019
Qeydiyyat nömrəsi
Q-03-19
Adı
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə”nin və “Müvəkkil kredit təşkilatlarının seçilmə meyarları”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
 
Qüvvəyə minmə tarixi
02.02.2019
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
150.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
15201901310319
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
01.02.2019
 
 
“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası
 
QƏRARA ALIR:
 
  1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə” təsdiq edilsin(əlavə olunur).
  2. “Müvəkkil kredit təşkilatlarının seçilmə meyarları” təsdiq edilsin(əlavə olunur).
  3. Azərbaycan RespublikasıKənd Təsərrüfatı Nazirliyi Aparatının Hüquq şöbəsi bu qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
  4. 4.Buqərarın icrasına nəzarət Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovaya tapşırılsın.
 
Kollegiyanın sədri,
 
Nazir
İnam Kərimov
 
 
 
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il “31” yanvar tarixli “Q-03-19” nömrəli qərarı ilə təsdiq edilmişdir
 
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə
 
  1. Ümumi müddəalar
 
1.1. Bu Əsasnamə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 1.5-ci bəndinə əsasən hazırlanmışdır və aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə üzrə regional struktur və regional əhatə dairəsi nəzərə alınmaqla müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatlarının (bundan sonra – müvəkkil kredit təşkilatları) seçilməsini həyata keçirmək üçün yaradılan Müsabiqə Komissiyasının (bundan sonra – Komissiya) fəaliyyətini tənzimləyir.
1.2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra - Nazirlik) hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Komissiya fəaliyyəti zamanı hər hansı formada Agentliyin vəsaiti hesabına verilmiş kreditlərin təyinatına müdaxilə edə, həmin kreditlər və borcalanlar barəsində Agentlikdən məlumat əldə edə, habelə müvəkkil kredit təşkilatının, sığortaçının və ya qiymətləndiricinin siyahısına dair təkliflər və ya namizədlər verə bilməz.
 
  1. Komissiyanın fəaliyyət istiqamətləri
 
2.0. Komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. regional struktur və regional əhatə dairəsi nəzərə alınmaqla müvəkkil kredit təşkilatlarının seçilməsini təmin etmək;
2.0.2. Agentliklə müvəkkil kredit təşkilatları arasında bağlanan müqavilə üzrə kredit xəttinin konkret həcmini (limit üzrə vəsait) müəyyən etmək.
 
  1. Komissiyanın tərkibi
 
3.1. Komissiyanın tərkibini Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (bundan sonra - nazir) təsdiq edir.
3.2. Komissiyanın tərkibinə Nazirlikdən 2 üzv, Agentlikdən 1 üzv və qeyri-hökumət təşkilatlarından 2 üzv olmaqla, cəmi 5 üzv daxildir.
3.3. Komissiya sədr, onun müavini, digər üzvlərdən və katibdən ibarət tərkibdə fəaliyyət göstərir. Komissiyanın katibi Agentliyin inzibati vəzifə tutan əməkdaşlarından təyin olunur.
3.4. Komissiyanın sədri Nazirliyin üzvlərindən seçilir, sədr müavini isə Agentliyin üzvüdür. Komissiyanın sədri olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə, Komissiyanın sədr müavini onu əvəz edir.
3.5. Komissiyanın sədri Komissiyanın iclasında açıq səsvermə yolu ilə Komissiyanın səlahiyyətli olduğu müddətə seçilir.
3.6. Komissiyanın üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
3.7. Komissiyanın üzvlərinin səlahiyyət müddəti 3 ildir.
 
  1. Komissiyanın iclaslarının keçirilməsi
 
4.1. Komissiyanın üzvlərinin azı üçü iştirak etdikdə, Komissiya iclasları səlahiyyətli sayılır.
4.2. Komissiyanın qərarları açıq səsvermə yolu və sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda Komissiya sədrinin səsi həlledici hesab edilir.
4.3. Komissiyanın fəaliyyət istiqamətləri üzrə məsələlərə 7 iş günü ərzində baxılaraq nəticəsi barəsində Komissiyanın iclasında müvafiq qərar qəbul edilir. Müvəkkil kredit təşkilatlarının seçilməsi barədə Komissiyanın qərarı bu Əsasnamənin 5-ci hissəsində göstərilən sənədlərə uyğun olaraq müvəkkil kredit təşkilatlarının seçilmə meyarları əsasında qəbul edilir. Komissiya iclasında qəbul edilmiş qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın bütün üzvləri tərəfindən imzalanır.
4.4. Komissiyanın üzvü müvəkkil kredit təşkilatının aidiyyəti şəxsidirsə, həmin müvəkkil kredit təşkilatı ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz.
4.5. Komissiyanın iclas protokolu eyni hüquqi qüvvəyə malik olmaqla, Komissiya üzvlərinin sayına uyğun nüsxədə tərtib olunur və bu Əsasnamənin 3.2-ci bəndində göstərilən dövlət orqanlarına və təşkilatlara göndərilir.
4.6. Komissiyanın qəbul etdiyi qərarların nəticəsi barədə müvəkkil kredit təşkilatlarına məlumat verilir.
 
  1. Müvəkkil kredit təşkilatlarının seçilməsi ilə bağlı Komissiyaya təqdim olunan sənədlər
 
5.0. Müvəkkil kredit təşkilatlarının seçilməsi ilə bağlı aşağıdakı sənədlər Agentlik tərəfindən Komissiyaya təqdim edilir:
5.0.1. müvəkkil kredit təşkilatının hüquqi statusuna dair sənədlər (təsis sənədləri, lisenziya (icazə);
5.0.2. müvəkkil kredit təşkilatının təkbaşçı icra orqanının rəhbəri və İdarə Heyətinin sədrinin təyin olunması haqqında qərarların (əmrlərin) surətləri;
5.0.3. müvəkkil kredit təşkilatının məsul şəxslərinin imza nümunələri və möhürünün əksi;
5.0.4. kənar auditor rəyi ilə təsdiq olunmuş son bir il üçün maliyyə hesabatları (əgər mövcuddursa);
5.0.5. müvəkkil kredit təşkilatının filialları haqqında məlumat;
5.0.6. beynəlxalq reytinq agentlikləri tərəfindən banka verilmiş reytinq barədə məlumat (əgər belə reytinq verilibsə);
5.0.7. Azərbaycan Kredit Bürosu ilə müvəkkil kredit təşkilatları arasında məlumat təchizatına dair müqavilənin surəti;
5.0.8. Agentliyin və ya Komissiyanın sorğusu əsasında müvəkkil kredit təşkilatının maliyyə-statistik göstəriciləri, prudensial normativləri, habelə maliyyə vəziyyətinin qiymətləndirilməsi barədə qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından və müvəkkil kredit təşkilatından alınmış sənədlər (məlumatlar);[1]
5.0.9. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə hər il fevral ayının 1-dək Agentliyə təqdim edilən məlumatlar.[2]
 
 
 
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il “31” yanvar tarixli “Q-03-19” nömrəli qərarı ilə təsdiq edilmişdir
 
Müvəkkil kredit təşkilatlarının seçilmə meyarları
 
  1. Müvəkkil kredit təşkilatlarının seçilmə meyarları aşağıdakılardır:
1.1. Müvəkkil kredit təşkilatının maliyyə hesabatlarının, kapital adekvatlığı və kapital dəyişmələrinin qənaətbəxş olması;
1.2. prudensial normativlərə və tələblərə əməl etməsi, onun fəaliyyətinin “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarının və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələblərinə uyğun həyata keçirilməsi;
1.3. maliyyə bazarlarına nəzarət orqanının və digər orqanların verdiyi lisenziyaya və ya icazəyə daxil edilmiş məhdudiyyətlərə əməl etməsi;
1.4. maliyyə bazarlarına nəzarət orqanı tərəfindən tətbiq edilən təsir tədbirlərinin növü, müddəti, ağırlığı.
  1. Bu meyarların 1.1-1.4-cü bəndlərindəgöstərilmiş meyarlara uyğunluq müvəkkil kredit təşkilatları tərəfindən təqdim edilmiş sənədlər (məlumatlar)əsasında müəyyən edilir.[3]
 
 
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
  1. 24 iyul 2020-ci il tarixli Q-01-20 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007240120, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 avqust 2020-ci il)
 
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 
[1] 24 iyul 2020-ci il tarixli Q-01-20 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007240120, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə”nin 5.0.8-ci yarımbəndindən “qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından və” sözləri çıxarılmışdır.
 
[2] 24 iyul 2020-ci il tarixli Q-01-20 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007240120, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə”nin 5.0.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 5.0.9-cu yarımbənd əlavə edilmişdir.
 
[3] 24 iyul 2020-ci il tarixli Q-01-20 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007240120, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 avqust 2020-ci il) ilə “Müvəkkil kredit təşkilatlarının seçilmə meyarları”na yeni məzmunda 2-ci hissə əlavə edilmişdir.
https://e-qanun.az/framework/41343