Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi

                                                                            
                                             
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) 1992-ci ildə Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində xarici yardımların göstərilməsi məqsədilə yaradılmışdır. 28 may 1999-cu il tarixindən etibarən isə Türkiyə Respublikasının Nazirlər Kabinetinə tabe edilmişdir. TİKA-nın dünyanın 48 ölkəsində 50 Əməkdaşlıq Ofisi fəaliyyət göstərir. Təşkilatın Bakı Proqram Koordinasiya Ofisi 1994-cü ildən etibarən fəaliyyət göstərir və Ofisə 2021-ci ilin 11 avqust tarixindən Fatih Yılmaz rəhbərlik edir. Layihələr birdəfəlik əsasda kiçik həcmli yardımlar formasında həyata keçirilir və kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, texniki, sosial, mədəni və səhiyyə sahələri üzrə fəaliyyətlərdə Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına xüsusi əhəmiyyət verilir.
Təcrübə mübadiləsi
Aqrar Kredit və İnkişaf Agentliyi ilə TİKA birgə əməkdaşlığı çərçivəsində 2021-ci ilin 1-31 iyul tarixlərində Nazirliyin aidiyyəti struktur bölmələrinin 10 nəfər əməkdaşı Türkiyə Respublikasının Ankara şəhərində təlimə göndərilmişdir. Təlim müddətində diaqnostik kabinetlərdə (vetlablarda) 4 (dörd) istiqamət (toksikoloji, helmintoloji, bakterioloji və parazitoloji) üzrə müayinələrin aparılması, diaqnozların doğru müəyyən edilməsi və sonrakı mərhələdə lazımi profilaktik tədbirlərin görülməsi məqsədilə mütəxəssislərin bilik və bacarıqları artırılmışdır.