Sual: Əkin subsidiyası nədir?
Cavab: Əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır.
Sual: Hansı torpaqlara subsidiya verilir?
Cavab: Kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinə
Sual: EKTİS-də qeydiyyatdan keçmək vacibdirmi?
Cavab: EKTİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir.
Sual: Əkin subsidiyasının məbləği hansı qaydada hesablanır?
Cavab: Baza məbləği × əkin əmsalı = əkin subsidiyası
• əkin əmsalı – regionlar və bitkilər, vahid əkin sahələri, habelə əkin sahəsinin (sahələrinin) həcmi üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla Şuranın müəyyən etdiyi göstərici.
Sual: Fermer kartına yüklənən vəsait necə istifadə olunmalıdır?
Cavab: 25 faizindən nağdlaşdırılaraq, 75 faizindən isə əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün istifadə olunur.
Sual: Sığorta müqaviləsi hansı halda olmalıdır?
Cavab: Fermerin istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası sığorta müqaviləsi bağlandıqdan sonra verilir.
Sual: Kooperativlərə əlavə subsidiya ödənilirmi?
Cavab: 50 hektardan çox torpaq sahəsində aparılan əkinə və ya çoxillik əkməyə görə kənd təsərrüfatı kooperativlərinə əkin subsidiyası 10 faiz artırılmaqla tətbiq edilir.
Sual: Məhsul subsidiyası nədir?
Cavab: Tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiyadır
Sual: Məhsul subdidiyası ilə bağlı elektron bəyannaməni (müraciəti) hansı müddət ərzində EKTİS-ə daxil etmək lazımdır?
Cavab: Məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-dək elektron bəyannaməni (müraciəti), dekabrın 15-dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır.
Sual: Məhsul subdidiyası hansı qaydada hesablanır?
Cavab: Məhsul subsidiyası aşağıdakı qaydada hesablanır:
baza məbləği × məhsul əmsalı = məhsul subsidiyası
-
məhsul əmsalı – bəzi bitkilər üzrə məhsuldarlığın təşviqi üçün Şuranın müəyyən etdiyi göstərici.
Sual: Toxum subdidiyası nədir?
Cavab: Ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən subsidiyadır.
Sual: Sertifikatlı toxum və ting nədir?
Cavab: “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyata alınmış, sort və səpin keyfiyyətləri barədə uyğunluq sertifikatı olan toxum və tinglər
Sual: Toxum subsidiyası hansı qaydada hesablanır?
Cavab: Toxum subsidiyası Şuranın müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına, tinglərin isə hər ədədinə görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir:
(Baza məbləği x toxum əmsalı) x fermerin subsidiyaya təqdim etdiyi toxum və ya tingin miqdarı x (kvota / subsidiyaya təqdim olunan toxum və tingin miqdarının cəmi) = toxum subsidiyası
-
toxum əmsalı – ölkədə istehsal edilən toxumun 1 kiloqramına və ya tingin 1 ədədinə görə subsidiya məbləğinin hesablanması üçün Şuranın müəyyən etdiyi göstərici.
Sual: Fermer kartına yüklənən vəsait hansı müddət ərzində istifadə oluna bilər?
Cavab: Təqvim ili ərzində fermerə ayrılan, lakin istifadə edilməyən əkin subsidiyası eyni il ərzində aparılan sonrakı əkinlər üçün istifadə edilə bilər. Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.