“Güzəştli kredit layihələrinin maliyyələşdirilməsi” xidmətinə dair
REQLAMENT
|
1. Xidmətin adı
|
Güzəştli kredit layihələrinin maliyyələşdirilməsi
|
2.Xidmətin məzmunu
|
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaiti hesabına müvəkkil kredit təşkilatları (bundan sonra – MKT) tərəfindən aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektləri (o cümlədən kənd təsərrüfatı kooperativləri) və ailə kəndli təsərrüfatlarına (bundan sonra – sahibkarlıq subyektləri) verilən mikro, kiçikhəcmli, ortahəcmli və irihəcmli güzəştli kredit layihələrinin (bundan sonra – güzəştli kredit layihələrinin) maliyyələşdirilməsi
|
3. Xidməti həyata keçirən qurumun və (və ya) onun struktur bölməsinin adı
|
Agentlik
|
4. Xidmətin icrasında iştirak edən qurumun və (və ya) onun struktur bölməsinin adı
|
Agentliyin vəsaitindən istifadə üzrə müqavilə bağlanmış MKT-lər
|
5.Xidmətin hüquqi əsası
|
Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın (bundan sonra – Qayda) 1.2-ci, 2.1-ci və 5.7-ci bəndləri
|
6. Xidmətin həyata keçirilmə formaları
|
· Xidmət yerinə gəlməklə və poçt vasitəsilə müraciət;
· Xidmətin nəticəsinin elektron təqdim edilməsi.
|
7.Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
|
· MKT tərəfindən yerində (şifahi və ya yazılı) məlumatlandırma;
· MKT tərəfindən telefon zəngi və ya sms vasitəsilə məlumatlandırılma.
|
8.Xidmətin həyata keçirilməsinin nəticəsi
|
Kredit vəsaitinin köçürülməsi
|
9.Xidmət istifadəçisi barədə məlumat
|
Sahibkarlıq subyektləri
|
10.Xidmətin həyata keçirilməsi müddəti
|
· Kredit verilməsi üzrə müraciətlərə MKT tərəfindən baxılması – müraciətin qeydiyyata alındığı tarixdən 15 (on beş) iş günü;
· MKT tərəfindən müsbət qiymətləndirilmiş müraciətlərə Agentlikdə baxılması – təqdim edildiyi tarixdən 15 (on beş) iş günü;
· Agentlik tərəfindən vəsaitin MKT-nin hesabına köçürülməsi – sifariş alındıqdan sonra 3 (üç) bank günü;
· Vəsaitin MKT tərəfindən sahibkarlıq subyektinin hesabına köçürülməsi – vəsait alındıqdan sonra 1 (bir) bank günü.
Qeyd: Büdcə prosesi yekunlaşmadıqda, MKT-yə büdcə çərçivəsində ayrılmış limitlər yekunlaşdıqda və ya kifayət etmədikdə və Agentliyin sərəncamında yetərli vəsaitlər olmadığı təqdirdə müraciətlər üzrə xidmətlər MKT üzrə yeni limitlər müəyyən edildikdən və maliyyə resursları təmin olunduqdan sonra icra edilir.
|
11.Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
|
Günlər : Bazar ertəsi - cümə günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00.
|
12. Xidmətin göstərilmə yeri
|
MKT-lərin inzibati binaları;
|
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
|
Aşağıdakı hallarda müraciətdən imtina edilir:
· Tələb olunan sənədlər düzgün və tam təqdim edilmədikdə, sənədlərdə ziddiyyətli məlumatlar olduqda;
· Ayrılacaq kreditin və ya onun bir hissəsinin təyinatı Qaydada nəzərdə tutulmuş istiqamətlərə uyğun olmadıqda;
· Maliyyələşmə üzrə ilkin monitorinq edilərkən maliyyələşməsi nəzərdə tutulan fəaliyyətin mövcud olmaması aşkar edildikdə;
· Sahibkarlıq subyektinin Agentlik qarşısında icra edilməyən və ya gecikdirilən öhdəlikləri olduqda;
· Agentlikdən əvvəllər alınmış kredit və güzəşt vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması aşkar edildiyi vaxtdan növbəti 3 (üç) il müddətində;
· İltizam üzrə tələblərin və digər öhdəliklərin yerinə yetirilməməsi halları olduqda;
· Sahibkarlıq subyektinə verilmiş kredit vəsaiti (Qaydanın 5.1.5-ci yarımbəndində nəzərdə tutulan güzəştli kreditlər və mərhələli qaydada maliyyələşdirilən layihələr üzrə verilən kreditin tranşları istisna olmaqla) tam həcmdə geri qaytarılmadıqda;
· “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra - EKTİS) qeydiyyatdan keçmədikdə
|
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdim edilmə forması
|
· Müraciətçi fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda VÖEN-i, hüquqi şəxs olduqda hüquqi şəxsin təsis sənədləri və VÖENİ-i;
· Layihənin həyata keçiriləcəyi torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənədlər (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə müqaviləsi) ;
· Alınacaq kredit hesabına çəkiləcək xərclərin təsnifatı, mövcud təsərrüfat və layihə barədə məlumatları əks etdirən müvafiq məlumat forması (xülasə) (1 nömrəli Əlavə) ;
· Təminat tələb edildikdə kreditin təminatı ilə bağlı sənədlər (girov təminatı ilə bağlı qiymətləndirmə aktı);
· Kredit vəsaitinin yönəldiləcəyi invesitisiya layihəsi barədə məlumat formaları (2 və 3 nömrəli Əlavələr)
· Müraciətçi barədə EKTİS-dən arayış.
Ekspertiza (təhlil) üçün layihənin icraçısı, təyinatı, dəyəri və icrası ilə bağlı təqdim edilən məlumatlarda dəqiqləşdirilmələrə zərurət olduqda əlavə məlumat və sənədlər tələb edilə bilər.
İllik faiz dərəcəsi 7 faizdən artıq olmayan güzəştli kredit layihələrinin maliyyələşdirilməsi zamanı birinci, ikinci və dördüncü abzasda göstərilən sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri, illik faiz dərəcəsi 12 faizdən artıq olmayan güzəştli mikrokredit layihələrinin maliyyələşdirilməsi zamanı isə surətləri təqdim olunur. Bütün sənədlər kağız daşıyıcıda təqdim edilir.
|
15. Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
|
Ödənişsizdir.
Qeyd: MKT-lər tərəfindən xidmətlərlə əlaqədar komisyon haqlar tutula bilər.
|
16. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
|
Addım 1. Müraciətin edilməsi
EKTİS-də qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri bu Reqlamentin 14-cü hissəsində nəzərdə tutulmuş sənədləri MKT-nin inzibati binasına yaxınlaşaraq və ya poçt vasitəsilə təqdim edirlər. MKT müraciətləri qeydiyyata alır və sahibkarlıq subyektinə müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. MKT aşağıdakı hədlərdə və müddətlərdə kredit və lizinq vəsaitinin əldə edilməsi, habelə tətbiq ediləcək illik faiz dərəcələri ilə bağlı sahibkarlıq subyektinə məlumat verir:
Hədlər:
· 15 000-dək-mikrokreditlər;
· 15 001 manatdan 30 000 manatadək - kiçikhəcmli kreditlər;
· 30 001 manatdan 100 000 manatadək - ortahəcmli kreditlər;
· 100 001 manatdan 200 000 manatadək - irihəcmli kreditlər.
Müddətlər :
· mikrokreditlər üçün – 3 ilədək;
· kiçik və ortahəcmli kreditlər üçün – 3 ilədək;
· irihəcmli kreditlər üçün – 5 ilədək;
· yeni bağların salınması məqsədilə verilən kreditlər üçün – 6 ilədək.
Kreditlər üzrə güzəşt müddəti aşağıdakı kimi müəyyən olunur:
· mikrokreditlər üçün – 12 ayadək;
· kiçik və ortahəcmli kreditlər üçün – 18 ayadək;
· irihəcmli kreditlər üçün – 24 ayadək;
· yeni bağların salınması məqsədilə verilən kreditlər üçün – 36 ayadək.
MKT-lərin Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (Agentliyin təminatsız verilən bütün güzəştli kreditlər üçün tətbiq etdiyi illik 2 faiz, təminatla verilən mikrokreditlər üçün illik 2,5 faiz də daxil olmaqla) mikrokreditlər üçün 12 faizdən, digər güzəştli kreditlər üçün 7 faizdən, kənd təsərrüfatı kooperativlərinə veriləcək bütün növ kreditlər üçün isə 5 faizdən artıq olmamalıdır.
Addım 2. Müraciətə baxılması
MKT-lərdə müraciətə baxılır, həmin müraciət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq kreditin, lizinq vəsaitlərin verilə biləcəyi barədə qərar qəbul olunur, yaxud sahibkarlıq subyektinə əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir).
MKT müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir, eyni zamanda məlumatların Kreditlərin Elektron İdarəetmə Sistemi vasitəsilə Agentliyə ötürülməsini təmin edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir.
Addım 3. Müraciətin cavablandırılması
Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya ondan imtina edilməsinə dair qərarı barədə MKT-yə bildiriş və ya rəsmi məlumat verir. MKT Agentliyin qərarı barədə sahibkarlıq subyektini məlumatlandırır. Müraciətin təmin olunmasına dair qərar qəbul edildikdən sonra MKT vəsaitin ayrılması barədə Agentliyə sifariş göndərir. Agentlik sifarişi aldıqdan sonra 3 (üç) bank günü müddətində vəsaitin MKT-nin hesabına köçürülməsini təmin edir. MKT aldığı vəsaiti 1 (bir) bank günü müddətində sahibkarlıq subyektlərinin hesabına köçürür və bu barədə Agentliyə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan 1 bank günü sonra müvəkkil kredit təşkilatı sahibkarlıq subyektinə vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən sahibkarlıq subyekti vəsaitdən istifadə edir.
Qeyd. Sahibkarlıq subyektləri alacaqları kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəyirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir.
Addım 4. Monitorinq və qiymətləndirmə
MKT mütəmadi olaraq sahibkarlıq subyektinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. MKT-nin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, MKT güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Agentliyin hesabına köçürməlidir.
Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, MKT tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə hesablanır. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.
|
17. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
|
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri Agentlik tərəfindən xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada və ya Nazirliyin Apellyasiya Şurasına şikayət verə bilər.
Yuxarı inzibati orqana verilən inzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır və şikayətə həmin Qanunun 78-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ay müddətinə baxılır.
Apellyasiya şurasına verilən şikayətlərin forması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 5-ci hissəsinə uyğun olmalıdır və şikayətə həmin Əsasnamənin 6-cı və 7-ci hissələrinə uyğun olaraq baxılır.
|
18. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemi və ehtiyatları
|
· EKTİS
· Kreditlərin elektron idarəetmə sistemi
|
19. Xidmətin elektronlaşma səviyyəsi
|
Qismən elektronlaşdırılıb
|
20. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
|
Qismən avtomatlaşdırılıb
|
21. Xidmətin elektron ünvanı
|
yoxdur
|