Hesabat

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2019-cu ildə kənd təsərrüfatının inkişafı məqsədilə ölkənin 58 rayonunda aqrar sektorda çalışan 723 sahibkara 21167.5 min manat məbləğində güzəştli kreditlər verilmişdir. Güzəştli kreditlərin verilməsi nəticəsində 705 daimi və müvəqqəti iş yeri açılmışdır. Eyni zamanda, kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının güzəştli şərtlərlə əldə edilməsi üçün 2205 sayda kənd təsərrüfatı subyektinə 32235.2 min manat məbləğində kredit, 59 951 min manat məbləğində subsidiya verilmişdir.
Fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə maarifləndirmək məqsədi ilə 2019-cu il 20 may – 12 iyun tarixlərində ölkənin 6 rayonunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Lənkəran) texnika yarmarkaları keçirilmişdir.
Hesabat dövründə AKİA-nın əməkdaşları tərəfindən müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə birlikdə ümumilikdə kredit almış 220 sahibkarlıq təsərrüfatında monitorinqlər aparılmışdır. 2019-cu ildə kredit almış 172 sahibkarlıq təsərrüfatında aparılmış monitorinqlər zamanı 5 təsərrüfatda neqativ hallar aşkarlanmış və bunların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalçılarına 2019-cu ildə əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə və təkrar əkinlərə, eyni zamanda 2018 və 2019-cu illərdə istehsal edib tədarükçülərə təhvil verdikləri pambıq, tütün, şəkər çuğunduru və baramanın miqdarına görə onun istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 114579,4 min manat məbləğində subsidiya verilmişdir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə 2015-ci ildən bəri Azərbaycanda uğurla həyata keçirilən AzAFF (Azerbaijan Agricultural Finance Facility) layihəsi çərçivəsində, AKİA ilə birlikdə Azərbaycanda bütün kredit təşkilatlarının istifadəsi üçün açıq olan mərkəzləşdirilmiş AzALES - Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirmə Sistemi (KTKQS) qurulmuşdur.
Bundan əlavə ölkədə fəaliyyət göstərən əksər kredit təşkilatlarında həmin sistemin təqdimatı həyata keçirilmiş, AKİA və qabaqcıl bankların mütəxəssislərindən ibarət nümayəndə heyətinin Türkiyədəki kənd təsərrüfatı maliyyə bazarları və onların Mərkəzləşdirilmiş KTKQS haqqında praktik biliklər alması məqsədilə Türkiyəyə səfəri təşkil edilmişdir.
Görülmüş işlər nəticəsində kredit təşkilatları tərəfindən KTKQS-ə qoşulmaqla bağlı marağın olması müəyyən olunmuş, istifadə ilə bağlı müqavilələr hazırlanmış və 2020-ci ildə sistemin fəaliyyətə başlaması nəzərdə tutulur. KTKQS-in istifadəsi ölkədəki fermerlərə texniki dəstək verilməsinə, eləcə də kredit təşkilatlarına kənd təsərrüfatı kreditlərinin verilməsinin yaxşılaşdırılmasına, risklərin idarə edilməsinə, sahibkarların kreditə çıxışının asanlaşdırılmasına və kənd təsərrüfatı kreditlərinin həcminin artırılmasına nail olmaq üçün töhfə verəcək.
Bununla yanaşı layihə çərçivəsində, FermerALES sistemi də hazırlanmışdır. Bu sistemdən istifadə etməklə fermerlər hər bir kənd təsərrüfatı məhsulu üzrə təsərrüfatlarının maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsini, təsərrüfatlarının dayanıqlığını, gəlir və xərcləri barədə hesabatlarının uyğunluğunu öyrənə biləcəklər. FermerALES sistemindən istifadə etməklə fermerlər öz fəaliyyətlərinə uyğun olaraq hansı kredit məbləğinə müraciət etməklə bağlı hesabatlar əldə edəcəklər. Bu isə fermerlərin kredit götürmək üçün daha çevik və hazırlıqlı olmalarını təmin edəcəkdir.
Layihə çərçivəsində 2019-cu ilin noyabr ayından başlayaraq Yardımlı, Biləsuvar, Ağsu, İsmayıllı, Oğuz, Qəbələ, Gədəbəy rayonlarında ümumilikdə 143 yerli və ətraf rayonlardan cəlb olunan fermerlərin iştirakı ilə maliyyə savadlılığının artırılması üzrə təlim seminarları keçirilmişdir.
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikasında sitrus meyvəçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” və “2012-2020-ci illərdə Azərbaycan Respublikasında Üzümçülüyün İnkişafına dair Dövlət Proqramı”ndakı müvafiq tədbirlərin icrasının təmin edilməsi məqsədilə AKİA tərəfindən ölkənin 4 rayonunda (Lənkəran rayonunda limon bağlarının salınması, Şəki rayonunda tütünçülüyün inkişafı, Masallı rayonunda çayçılıq və Şamaxı rayonunda üzümçülük sahələrinin inkişafı) pilot layihələr hazırlanmış və cari ildə icrasına başlanmışdır. Layihələr çərçivəsində aşağıdakı işlər görülmüşdür.
Lənkəran rayonunda “Sitrus meyvəçiliyinin (limon) inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi pilot layihəsi” çərçivəsində 35000 ədəd limon tingləri alınaraq Lənkəran rayonunun 28 kəndində 50 hektar ərazidə yeni bağlarda əkilmiş və 100 hektar mövcud sitrus bağlarında bərpa işləri yekunlaşmışdır. Layihə çərçivəsində 300-dən artıq fermerin bilik və bacarıqlarını artırması məqsədilə təlimlər təşkil olunmuşdur.
Masallı rayonunda “Çayçılığın inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi pilot layihəsi” çərçivəsində 540000 ədəd çay tingləri alınaraq Masallı rayonunun 5 kəndində 15 hektar ərazidə yeni plantasiyalarda və yeni yaradılmış tingçilik sahələrində əkilmişdir. Layihə çərçivəsində 100-dən artıq fermerin bilik və bacarıqlarının artırılması məqsədi ilə təlimlər təşkil olunmuşdur.
Şamaxı rayonunda “Üzümçülüyün inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi pilot layihəsi” çərçivəsində 62500 üzüm tingləri alınaraq Şamaxı rayonunda 25 hektar ərazidə əkilərək yeni üzüm bağları salınmış və 30 hektar üzüm bağlarının bərpası üzrə işlər yekunlaşmışdır. Layihə çərçivəsində 100-dən artıq fermerin bilik və bacarıqlarını artırması, ölkənin kənd təsərrüfatında hazır məhsulun ixrac olunmasına əlavə təkan verilməsi üçün 55 hektar üzümçülük sahəsi üzrə daimi və mövsümi iş yerləri yaradılması nəzərdə tutulur.
Şəki rayonunda “Tütünçülük təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi pilot layihəsi” çərçivəsində 30 hektar mövcud tütün bağların bərpası həyata keçirilmişdir.
Eyni zamanda pilot layihələr çərçivəsində 8 ədəd traktor, 6 ədəd bağ frezi, 6 ədəd çiləyici, 6 ədəd diskli mala, 6 ədəd herbisid səpən, 8 ədəd traktor qoşqusu, 4 ədəd meyvə toplama platforması, 6 ədəd kotan (3 gövdəli), 6 ədəd şax doğrayan aqreqat, 120 ədəd fərdi qoruyucu vasitələr, 60 ədəd budama qayçısı,  2 ədəd kultivator, 2 ədəd qollu çiləyici, 2 ədəd motoblok (frez), 1ədəd budama aqreqatı, 3 ədəd tütün qurutma avadanlıqları  alınaraq Meyvəçilik və Çayçılıq, Üzümçülük və Şərabçılıq, və Əkinçilik Elmi-Tədqiqat İnstitutlarına aidiyyəti üzrə təhvil verilmişdir.
Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “İkinci Kənd İnvestisiya Layihəsi”nin əlavə maliyyələşdirmə dövründə Kənd qadınlarının iqtisadi səlahiyyətlənməsi komponenti çərçivəsində yaranan qadın İnkişaf Qruplarına biznes xidmətləri göstərmək üçün 10-20 qadından ibarət 30 Qadın İnkişaf Qrupu yaradılmış, 5 pilot qrupa cəmi 39,0 min manat həcmində maliyyə dəstəyi göstərilmişdir. 14 rayonda 38 Qadın İnkişaf və Müəssisə Qrupunun yaradılması nəticəsində cəmi 400 yeni daimi və müvəqqəti iş yeri yaradılmışdır. Kəndlərdə aqrobizneslə məşğul olan fermer qadınlar Azərbaycan Kənd Qadınları Assosiasiyasında (AKQA) birləşərək, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş 2019-cu il 5 mart tarixində Assosiasiyanın təqdimat mərasimi keçirilmişdir.
Kənd Qadınlar Assosiasiyası tərəfindən hal-hazırda 14 rayonda 38 Qadın İnkişaf və Müəssisə Qrupunun milli şəbəkəsi yaradılmışdır. 38 qrupda 462 qadın fəaliyyət göstərir. 32 qrup artıq öz bizneslərini qurmuş, təsərrüfat, təsərrüfatdan kənar və qeyri təsərrüfat sahələrinə aid olmaqla cəmi 100 kiçik biznesi idarə edir.
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası (İFC) arasında Əməkdaşlıq Sazişi” 2019-cu il 8 may tarixində imzalanaraq saziş çərçivəsində “Azərbaycanın İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi” layihəsi həyata keçirilir. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə birbaşa xarici investisiyaların təşviqi üçün sektor prioritetləşdirilməsi üzrə qiymətləndirilmə aparılmış və hesabat hazırlanmışdır.
Əlavə olaraq, xarici ekspertlər tərəfindən aqrar sahəyə investisiyaların cəlb edilməsi üzrə fəaliyyət planı hazırlanmış və xüsusi yaradılmış işçi qrupunun nümayəndələri ilə birlikdə 3 sub-sektor prioritetləşdirilərək fəaliyyət planı yekunlaşdırılmışdır.
Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” (KTRQGL) tərəfindən layihənin benefisiar qurumlarından biri olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laboratoriya şəbəkəsinin optimallaşdırılması, Milli Qida Təhlükəsizliyi sisteminin monitorinq və qiymətləndirmə strukturunun yaradılması, AQTA-nın təftiş sisteminin təkmilləşdirilməsi məqsədilə qida nümunələrinin götürülməsi prosedurlarının tərtibi, AQTA-nın bütün qida zənciri boyu izləmə sisteminin yaradılması, AQTA-nın mütəxəssisləri üçün zərərvericilərə qarşı nəzarət və zərərvericilərin risk analizi ilə bağlı beynəlxalq məsləhətçilər seçilmiş və müqavilə üzrə fəaliyyətlərin icrasına başlanılmışdır. Beynəlxalq məsləhətçilər tərəfindən laboratoriya şəbəkəsinin optimallaşdırılması ilə bağlı tövsiyələr verilmiş, strategiya hazırlanmış və beynəlxalq akkreditasiyadan keçmək üçün AQTA-ya dəstək verilmişdir. Müqavilə şərtlərinə uyğun hazırlanmış monitorinq və qiymətləndirmə üzrə təlimat, icra indikatorları və nəticələr strukturu, qida nümunələrinin götürülməsi ilə bağlı hazırlanmış sənədlər AQTA-ya təqdim edilmişdir. Beynəlxalq məsləhətçilər tərəfindən laboratoriya şəbəkəsinin 27 və AQTA-nın 90 nəfər müfəttiş və mütəxəssisi üçün müxtəlif mövzularda sınaq metodları ilə bağlı təlimlər keçirilmişdir.
Bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi məqsədilə pambıq bitkisinə zərərverən orqanizmlərə qarşı kompleks (inteqrir) mübarizə tədbirləri mövzusunda seçilmiş milli məsləhətçi tərəfindən 10 təlim keçirilmişdir. Təlimlərə 916 fermer, habelə aidiyyəti üzrə elmi tədqiqat institutlarının mütəxəssisləri cəlb olunmuşdur.
Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutunun bioloji və zəhər qalıqlarının təyini və alaqlarla mübarizə laboratoriyaları üçün avadanlıqlar alınmış və işçi heyəti təlimləndirilmişdir.
Heyvan sağlamlığı və baytarlıq xidmətləri istiqamətində iri və xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində nəzərdə tutulmuş həcmdə peyvənd tədarük edilmiş və ölkəni əhatə edən peyvəndləmə kampaniyası aparılmışdır. Nəticədə 2019-cu il ərzində 386717 baş iribuynuzlu və 1336055 baş xırdabuynuzlu heyvan peyvənd edilmişdir.
İri və xırdabuynuzlu heyvanlarda brusellyoz xəstəliyinə qarşı aparılmış peyvəndləmədən sonra immunitetin gərginliyini (serokonversiya) yoxlamaq məqsədilə respublikanın müxtəlif regionlarını əhatə edən 20 rayondan qan nümunələri toplanılmışdır. Götürülmüş qan nümunələri AQTA-nın Milli İstinad Laboratoriyasında yoxlanılmış və peyvəndləmənin nəticəsi olaraq xırdabuynuzlu heyvanlar arasında 81%, iribuynuzlu heyvanlar arasında 63% immunitetin yaranması müəyyən edilmişdir.
Özəl baytarlıq xidmətinin yaradılmasına dəstək olaraq seçilmiş 6 pilot rayonun (Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən) 193 nəfər sahə baytarlıq məntəqəsinin mütəxəssislərinə təlimlər keçirilmiş və özəl baytarlıq fəaliyyəti üçün nəzərdə tutulan avadanlıq və alətlər alınaraq onlara təhvil verilmişdir. Tədbirin davamı olaraq, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında fəaliyyət göstərən 116 nəfər sahə baytarlıq məntəqəsinin mütəxəssislərinə təlimlər keçirilmişdir.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin təhsil proqramının təkmilləşdirilməsi məqsədilə ADAU, Latviyanın Aqrar Universiteti və Aqrar Kredit və İnkişaf Agentliyi arasında üçtərəfli müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən Latviya Aqrar Universitetinin nümayəndələri ölkəyə səfərlər edərək fakültənin mövcud fəaliyyətinin qiymətləndirilməsi məqsədilə kafedra müdirləri və professor-müəllim heyəti ilə görüşlər keçirilmiş və nəticədə hər bir tədris fənni üzrə sorğular aparılaraq boşluqlar müəyyən edilmişdir. Bu istiqamətdə fəaliyyətlər davam etdirilir. 
Layihənin innovativ fəaliyyətlərindən olan aqrobiznes dəyər zəncirlərinin yaradılması istiqamətində işlər davam etdirilmişdir. “Samux rayonunda quru meyvə istehsalı dəyər zənciri” sub-layihəsinin icrası nəticəsində 9 fermerə məxsus 51 hektar üzüm bağlarından 1029.55 ton üzüm yığılmış və onun 842.55 tonu meyvə qurutma müəssisəsinə satılmışdır.
“Samux rayonunda tərəvəz toxumlarının istehsalı, emalı və satış üçün qablaşdırılması” dəyər zənciri sub-layihəsinin icrası nəticəsində iştirakçı 12 fermerin təsərrüfatlarında əkilmiş tərəvəz toxumlarının yığımına başlanılmışdır. Fermerlər üçün nəzərdə tutulmuş avadanlıqlar alınmış və təhvil verilmişdir. Emal xətti alınaraq quraşdırılmış və toxum emalına başlanılmışdır. Tətbiq olunan innovativ becərmə texnologiyaları və fermerlərin ən müasir becərmə avadanlıqları ilə təchiz olunması nəticəsində 34 hektar əkin sahəsindən 26.5 ton tərəvəz toxumu (keşniş, şüyüd, ispanaq və soğan) istehsal olunmuşdur.
“Lənkəranda çəltiyin müasir üsullarla istehsalı və emalı” dəyər zənciri sub-layihəsi çərçivəsində 11 fermerə məxsus 155 hektar çəltik sahəsindən 590 ton məhsul yığılmışdır.
“Şəmkir rayonunda tərəvəz şitili istehsalı və ixrac üçün müasir qablaşdırma xəttinin qurulması dəyər zənciri”, “Lənkəranda çəltiyin müasir üsullarla istehsalı və emalı”, “Cəlilabad rayonunda çiyələyin müasir üsullarla istehsalı və emalı”, “ Xaçmaz rayonunda müasir üsulla bal istehsalı və emalı”, “Qəbələ rayonunda fındığın müasir üsullarla emalı və qablaşdırılması”, “Gədəbəy rayonunda kartofçuluğun inkişafı”, “Şəmkir rayonunda meyvələrin müasir üsulla istehsalı və qablaşdırılması”, ”İsmayıllı rayonunda yabanı dərman bitkilərinin toplanılması, emalı və qablaşdırılması”, “Oğuz rayonunda şəkərsiz konserv məhsullarının müasir emalı və qablaşdırılması”, “Qazax rayonunda keçi südü məhsulları dəyər zənciri”, “ Quba rayonunda meyvə şitili istehsalı” sub-layihələri icra olunmaqdadır və bunların nəticəsində ümumilikdə 1364 yeni iş yerləri yaradılmışdır.
Layihənin benefisiar qurumlarından biri olan Əkinçilik Elmi Tədqiqat İnstitutunun mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədilə Layihə tərəfindən dəvət edilmiş beynəlxalq məsləhətçi tərəfindən “Taxıl bitkilərinin seleksiyası və ənənəvi sortların yetişdirilməsi” mövzusunda 47 mütəxəssis cəlb edilməklə təlimlər keçirilmişdir.
2019-cu il ərzində iştirakçı maliyyə qurumu kimi cəlb olunmuş müvəkkil kredit təşkilatları ilə Təkrar Kredit Sazişi imzalanmış və onların vasitəsi ilə 2019-cu il ərzində 30 sub-borcalan təsərrüfata 5930,0 min manat məbləğində güzəştli kənd təsərrüfatı krediti verilmiş və nəticədə 320 yeni iş yeri yaradılmışdır.
Layihə ilə əməkdaşlıq edən müvəkkil bankların aidiyyəti mütəxəssislərinin bilik -bacarıqlarının artırılması məqsədilə Hollandiyaya təlim səfəri təşkil edilmişdir. Səfər çərçivəsində kənd təsərrüfatının maliyyələşdirilməsində qabaqcıl təcrübəyə malik Robobankda dəyər zənciri, habelə aqrar kreditlərin qiymətləndirilməsi və maliyyələşdirilməsi mövzularında təlim keçirilmişdir. Təlimdə Layihə ilə əməkdaşlıq edən müvəkkil bankların mütəxəssisləri ilə yanaşı Maliyyə Bazarlarına Nəzarət Palatası, Aqrolizinq ASC, və Layihənin mütəxəssisləri iştirak etmişlər. 
Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) və İslam İnkişaf Bankının krediti hesabına maliyyələşən “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” (KYKİL) çərçivəsində 2019-cu il ərzində  Yevlax və Ağdaş rayonlarının 17 SİB ərazisində təsərrüfatdaxili suvarma sistemləri üzrə  452,8 km torpaq və beton kanallarda işlər aparılmış, 37,5 km nov kanal və 64,7 km drenaj kanal təmizlənmiş, 0.3 km uzunluğunda qapalı boru təmir edilmiş, 2432 yeni hidrotexniki qurğu tikilmişdir.
Yevlax və Ağdaşda görülmüş işlər nəticəsində indiyədək 119 kənddə (hədəf 124 kənd) 23 445 təsərrüfata (hədəf 26604 vahid) məxsus 64 311 ha (hədəf 74439 ha) ərazidə suvarma suyu ilə təchizat yaxşılaşdırılmışdır.
Yevlax və Ağdaş rayonlarında  17 vahid  SİB-in maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə yeni ofis binalarının tikintisi yekunlaşmışdır.
Eyni zamanda Yevlax rayonu Aran qəsəbəsində “Aydınlıq” SİB ərazisində əkin dövriyyəsinə əlavə qatılmış 4000 ha ərazinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə metal-boru xəttinin çəkilişinə başlanılmışdır.
Layihənin “kənd təsərrüfatının məhsuldarlığı və rentabelliyinin artırılması” komponenti çərçivəsində 2019-cu il ərzində layihə rayonlarında (Yevlax, Ağdaş, Şəki, Oğuz) 20 nəfər süni mayalama texniki tərəfindən 88 kənddə 1178 təsərrüfatda 1473 baş iribuynuzlu heyvan arasında süni mayalama aparılmış, əvvəllər aparılmış süni mayalama tədbirləri nəticəsində Yevlax rayonunda 69 baş, Ağdaş rayonunda 289 baş, Şəki rayonunda 285 baş, Oğuz rayonunda 88 baş (ümumilikdə 731 baş) cins buzov əldə olunmuşdur.
Bundan başqa layihənin dağlıq ərazilərini əhatə edən 3 baytar məntəqəsindəki 6 həkim tərəfindən 87 dağlıq kənddə 571 ailə-fermer təsərrüfatında xəstəliklərə qarşı müalicə profilaktika tədbirləri aparılaraq, 5362 baş iribuynuzlu, 44899 baş xırdabuynuzlu, 3 baş digər heyvana və 81691 quşa baytarlıq xidmətləri göstərilmişdir.      
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitunun Şəki Dayaq Məntəqəsində hibridləşmə, seleksiya nümayiş imkanlarının artırılmasına, orijinal və yüksək reproduksiyalı toxumların istehsalına, çeşidlərin artırılması üzrə daha yüksək keyfiyyətin əldə edilməsinə nail olmaq məqsədi ilə yenidənqurma işləri aparılmış, yeni ofis binası və yardımçı binalar inşa edilmiş və məntəqənin ərazisində abadlıq işləri aparılmışdır.
Şəki Regional Toxum Nəzarəti və Sertifikatlaşdırma Xidməti Laboratoriyasına 2019-cu ildə daxil olan nümunələrin ümumi sayı 772 vahidə çatdırılmış (yonca bitkisi üzrə - 14 nümunə, qarğıdalı üzrə - 13, amarant üzrə - 11, noxud üzrə - 3, tütün üzrə - 19, vələmir üzrə - 20, turp üzrə -1, soğan üzrə - 5, xaşa üzrə - 2, buğda üzrə-591, arpa üzrə - 93) və 18214,4 ton toxum (1544 ton buğda, 2770,4 ton arpa) keyfiyyəti yoxlanılmışdır. Laboratoriya şəraitində təmizlənərək kondisiyaya çatdırılmış toxumların 3,218 tonu superelit, 334,2 tonu elit, 645,1 tonu isə R1 reproduksiyalı toxumlar olmuşdur ki, bunlar da Şəki rayonunun təsərrüfatlarında istifadə edilmişdir.
Layihədə əməkdaşlığa cəlb edilən Quba Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu tərəfindən 2019-cu il ərzində Quba Yardımçı Təcrübə Təsərrüfatında 7,0 ha, Zaqatala Dayaq Məntəqəsində (DM) 3,5 ha, Qəbələ .DM-də 2,0 ha, Zərdabi Elmi Təcrübə Birliyində 2,0 ha (cəmi 14,5 ha) sahədə yeni fındıq bağları salınmış, 84,6 ha meyvə bağında budama, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri aparılmışdır. Ümumilikdə 429 fermerin iştirakı ilə 20 sahə görüşü, respublikanın müxtəlif rayonlarında (Şabran, Göyçay, Quba, Zaqatala, Balakən, Lənkəran, Astara) 350 nəfərin iştirakı ilə 7 elmi-praktiki seminar və 257 nəfərin iştirakı ilə 14 təlim keçirilmişdir. Bununla yanaşı 10 ədəd təlim modulu və 14 adda kitab, kitabça və buklet hazırlanaraq təlim iştirakçılarına və digər fermerlərə paylanmışdır.
Vegetativ calaqaltıların mikroklonal çoxaldılmasının təşkilinə dəstək göstərilməsi məqsədi ilə  “Quba Ting” MMC özəl təsərrüfatında biotexnologiya laboratoriyası yaradılaraq vegetativ calaqaltıların mikroklonal çoxaldılması istiqamətində işlər aparılmışdır.
Şabran, Quba və Balakən rayonlarında, öz şəxsi təsərrüfatlarında yeni meyvə sortlarının (badam, gilas, gavalı) yetişdirilməsinə marağı olan fermer təsərrüfatı başçıları seçilərək bu istiqamətdə təlimləndirilmiş, onlara metodiki yardımlar edilmiş, qarşılıqlı imzalanmış müqavilə əsasında 38 ha sahədə nümunəvi nümayiş sahələri yaradılmışdır. Eyni zamanda, Quba Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu tərəfindən genofondun artırılması məqsədilə respublikanın müxtəlif bölgələrinə 10 səfər təşkil edilmiş, dövriyyədən çıxarılmış sortların yenidən bərpası istiqamətində aidiyyəti üzrə işlər aparılmışdır.
15 kənddə sosial layihələrin (9-içməli su sisteminin bərpası, 6-suvarma kanallarının təmizlənməsi) icrası tamamlanmış və daha 43 analoji layihə üzrə (15-İçməli su sisteminin bərpası layihəsi, 21-suvarma kanallarının təmizlənməsi layihəsi, 6 kəndarası yolların təmiri layihəsi, 1 tibb məntəqəsinin bərpası layihəsi) hazırda işlər davam etdirilir.
Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı tərəfindən (BMTİP) Qlobal Ekologiya Fondunun (GEF) maliyyə dəstəyi ilə “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsi çərçivəsində 2019-cu ildə Goranboy rayonunda və Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərində ekspedisiyalar davam etdirilmişdir. Goranboy rayonunun Qızıl Hacılı və Xanqərvənd kəndlərinin əkin sahələrindən taxıl bitkilərinə aid 150 nümunə, Naxçıvan MR-nın Şərur, Sədərək və Babək rayonlarının düzənlik ərazilərindən 556 nümunə toplanılmış, növ müxtəlifliyi və formaları dəqiqləşdirilmişdir. 2019-cu ildə tərəvəz və bostan bitkilərinə aid isə 144 sort, sort-forma və populyasiyanın toxumları toplanılmış, Milli Genbanka təhvil verilmiş və 5 yabanı tərəvəzin arealı müəyyənləşdirilmişdir. Layihə çərçivəsində mədəni bitkilərin yabanı əcdadları ilə zəngin olan 4 zəngin bölgə identifikasiya olunmuşdur.Bərk buğda növünə aid 45 sort, yumşaq buğdaya aid 67 sort, tərəvəz bitkilərinə aid isə 30 sortdan ibarət tarla genbankları yaradılmışdır.
2019-cu ildə Şəki, Goranboy və Göyçay rayonlarında əvvəlki ildə dəstəklənən fermerlərlə yanaşı 40-dan artıq yeni fermerin dəstəklənməsi həyata keçirilmişdir.
Layihə çərçivəsində ilk dəfə olaraq torpağın aqrofiziki və aqrokimyəvi xassələrini tarla şəraitində dəqiq təyin etmək üçün ən müasir cihazlarla təmin edilmiş “Mobil laboratoriya” alınmış və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinə təhvil verilmişdir.
Milli genbank üçün yeni avadanlıqlar (inkubator, elektron tərəzilər, quruducu şkaflar və s. ) alınaraq istifadəyə verilmiş və ilk dəfə olaraq toxumların uzunmüddətli saxlanılmasının təmin edilməsi üçün 12 ədəd dərin soyuducu alınaraq İnstituta təhvil verilmişdir. Nadir formaların və layihə çərçivəsində toplanılan mədəni bitkilərin yabanı əcdadlarının böyük bir hissəsinin -20 0C temperaturda uzun müddətli saxlanılması təmin edilmişdir. Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda mövcud olan kolleksiyaların beynəlxalq standartlara uyğun şəkildə saxlanılmasını təmin etmək məqsədilə 2 ədəd dərin soyuducu alınaraq təhvil verilmişdir.
2019-cu ildə 6 ədəd hava stansiyası alınaraq AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun, Əkinçilik Elmi Tədqiqat İnstitutunun Qobustan təcrübə bazasında, Aqrar Elm və İnnovasiya Mərkəzinin Şəki regional mərkəzində və Azərbaycan Dövlət Aqrar Universitetinin təcrübə sahələrində quraşdırılmışdır. Hava stansiyalarından əldə edilən verilənlər kolleksiya nümunələrinin ətraf mühitin müxtəlif amillərinə qarşı dəqiq qiymətləndirməni həyata keçirməyə və bölgələrin iqlim şəraitinə uyğun olan sort və formaların seçilməsinə kömək edəcəkdir.
Layihə çərçivəsində yeni koorporativlərin yaradılması üzrə də fəaliyyətlər planlaşdırılmış və fermerlərin seçimi başa çatdırılmışdır. Seçilmiş dənli taxıl bitkilərinə aid sortlara əlavə dəyərin verilməsi üçün 1 ədəd toxum təmizləyən, 2 ədəd dəyirman və çox sayda kənd təsərrüfatı avadanlıqları alınmışdır.
Layihə çərçivəsində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində, Şəki şəhərində isə Aqrar Elm və İnnovasiya Mərkəzinin Şəki regional Mərkəzində “Təlim və məsləhət mərkəzləri” yaradılaraq istifadəyə verilmişdir. Mərkəzlər lazımi avadanlıqlarla təchiz edilmiş və təlimlərin keçirilməsi üçün kitablarla zənginləşdirilmişdir. 
2019-cu ildə 15-dən artıq təlim və seminar təşkil edilmişdir ki, burada da 150-dən artıq fermer və mütəxəssis iştirak etmişdir.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı (FAO) və Azərbaycan Respublikası Hökumətinin birgə həyata keçirdiyi layihələr
“Aqrar Məşğulluğun Artırılması Layihəsi” (AMAL) çərçivəsində 2019-cu il 8 fevral tarixində 300-dən çox gənc “AMALçılar” və aidiyyəti qurumların yüksək səviyyəli nümayyəndələrinin iştirakı ilə layihənin daha geniş auditoriyaya tanıtımı məqsədi ilə tədbir keçirilmişdir.
AMAL çərçivəsində regionlarda yaşayan gənclərin aqro biznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmalarına dəstək vermək məqsədi ilə 21 rayondan aqrar sahəyə maraq göstərən 428 gəncə 8 peşəkar təlimçi tərəfindən “Öz Biznesini Yarat”, “Öz Biznesinə Başla“,  “Biznes plan” mövzularında 11 rayonda  təlimlər həyata keçirilmişdir. Layihə çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan, gənclər tərəfindən təqdim edilmiş biznes planlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılmış Qiymətləndirmə Komissiyası tərəfindən müsbət qiymətləndirilmiş biznes planlar AKİA tərəfindən dəstəklənmişdir.
Gənc fermerlərin və aqrar sahəyə marağı olan gənclərin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması məqsədilə 2019-cu ilin 25 avqust – 1 sentyabr tarixlərində Oğuz rayonunda Layihə üzrə AMAL Akademiyası çərçivəsində həyata keçirilmiş Yay Məktəbinə . Azərbaycanın 21 rayonundan olan 57 nəfər gənc qatılmışdır.
“Mərkəzi Asiyada kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi” layihəsi çərçivəsində 2019-cu il 2-5 aprel tarixində Özbəkistanın Daşkənd şəhərində “Azərbaycan Qırğızıstan Tacikistan və Özbəkistanda kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri” mövzusunda Regional səviyyədə Təlimçilərin Təlimləndirilməsi seminarında Azərbaycandan iki nəfər iştirak etmişdir.
Layihə çərçivəsində Azərbaycanda kənd təsərrüfatında informasiya-məsləhət xidmətlərinin mövcud vəziyyəti ətraflı şəkildə təhlil olunmuş və müvafiq olaraq hesabat hazırlanmışdır. Bundan əlavə layihə çərçivəsində 2019-cu ilin sentyabr – dekabr ayları ərzində elmi-tədqiqat institutlarının əməkdaşları, KTN-nin əməkdaşları, özəl sektorun nümayəndələri və bir sıra digər mütəxəssislərin (ümumilikdə 60 nəfər) bilik və bacarıqlarının artırılması məqsədi ilə beynəlxalq mütəxəssislərin iştirakı ilə toxumçuluq, torpaq qoruyucu əkinçilik, pestisidlərə qarşı inteqrir mübarizə, istixanaların idarə olunması və üzvi əkinçilik mövzularında silsilə təlimlər keçirilmişdir. 
“Azərbaycan, Tacikistan və Özbəkistanda seçilmiş kənd təsərrüfatı məhsulları üzrə ixracın təşviqi milli strategiyalarının yaradılması prosesinə dəstək” layihəsi çərçivəsində 2019-cu il 13 mart tarixində Özbəkistanın Daşkənd şəhərində layihənin Açılış Seminarı keçirilmişdir. 2019-cu il 27-28 iyun tarixində Bakıda layihə planlaması üzrə regional seminar təşkil olunmuşdur. Seminarda beynəlxalq mütəxəssislər, Özbəkistan və Tacikistandan olan nümayəndələrlə yanaşı Azərbaycanın müxtəlif dövlət və özəl qurumlarının nümayəndələri iştirak etmişdir. Seminarın nəticəsi olaraq layihə çərçivəsində idxal potensialı tədqiq olunacaq kənd təsərrüfatı məhsulları müəyyən edilmiş və eləcə də, iş planı hazırlanmışdır. Layihə çərçivəsində iki məhsulun, sarımsaq və xurmanın ixrac potensialının öyrənilməsi üçün milli və beynəlxalq məsləhətçi, eyni zamanda Amerikada yerləşən Beynəlxalq Qida Siyasəti Tədqiqatı İnstitutu (İFPRİ) işə cəlb olunmuşdur. Layihənin nəticəsi olaraq hər iki qeyd olunan məhsulun dəyər zənciri təhlil olunmuş və ixrac potensialı, o cümlədən çətinliklər və imkanlar müəyyən olunmuşdur. Layihə çərçivəsində noyabr və dekabr aylarında Tacikistanda və Özbəkistanda iki regional seminar keçirilmiş və seminarda beynəlxalq ekspertlərin iştirakı ilə idxal məhsullarının tədqiqi üzrə strategiya elementləri və nəticələr müzakirə olunmuşdur. Seminarlarda KTN-nin nümayəndələri və milli məsləhətçi iştirak etmişdir.
            “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində 2019-cu il 27-28 fevral tarixində Türkiyənin Ankara şəhərində layihənin Regional Açılış Seminarı keçirilmişdir. 2019-cu il 02-05 may tarixlərində, layihənin FAO tərəfindən texniki aparıcı mütəxəssisi və baş texniki məsləhətçisinin iştirakı ilə komponentlərin müzakirəsi, layihə barədə məlumatın verilməsi və rəhbər komitənin yaradılması ilə bağlı  Azərbaycana missiya səfər etmiş və bütün aidiyyəti tərəflərlə görüşlər həyata keçirilmişdir. 2019-cu il 03 may tarixində müvafiq dövlət qurumlarının və mütəxəssislərin iştirakı ilə İlkin Milli Seminar təşkil olunmuş və 4 illik iş planı müzakirə olunaraq, ilkin plan hazırlanmışdır. Eyni zamanda Cəngi poliqonuna pestisidlərin saxlanma qaydası, quyuların vəziyyəti və ümumi vəziyyətlə tanış olmaq məqsədi ilə səfər təşkil olunmuşdur.
.           2019-cu ildə Layihə çərçivəsində Cəngi poliqonunda və ümumiyyətlə Azərbaycanın bütün regionlarında olan qalıq pestisidlərin inventarizasiyasına başlanılmış və hal-hazırda işlər davam etdirilir. Layihə çərçivəsində inventarlaşdırma bitdikdən sonra elektron xəritə şəklində məlumat bazasının yaradılması məqsədilə hazırlıq işləri, o cümlədən məsləhətçinin seçilməsi başa çatmışdır.
Layihənin tərkib hissəsi olaraq hüquqi bazanın təhlil edilməsinə milli və beynəlxalq məsləhətçi tərəfindən 2019-cu ilin dekabr ayında başlanılmışdır. Layihə çərçivəsində müxtəlif qurumların, o cümlədən KTN, AQTA və ETSN-nin nümayəndələrinin bilik və bacarıqlarının artırılması məqsədilə Tacikistanın Düşənbə şəhərində pestisidlərin qeydiyyatı ilə bağlı beynəlxalq təlim keçirilmişdir.
            Layihədə nəzərdə tutulmuş 300 t qalıq pestisidlərin ölkədən çıxarılması və məhv edilməsi ilə əlaqədar Cəngi poliqonu ətraflı araşdırılmış və müvafiq tender sənədlərinin hazırlanması üçün məlumatlar toplanaraq beynəlxalq mütəxəssisə təqdim edilmişdir.
“Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsi çərçivəsində torpaqların Milli Konsolidasiyası Strategiyası layihəsi hazırlanmışdır. Torpaq konsolidasiyasının tətbiq olunmasında Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının bilik və bacarıqları artırılmış, pilot kimi Salyan rayonun Şorsulu kəndində torpaqların yenidən bölüşdürülməsi fəaliyyətləri həyata keçirilməklə, bölgü planı hazırlanmış və torpaq konsolidasiya əməliyyatlarının qeydiyyatı aparılmış, texniki-iqtisadi əsaslandırma hazırlanmışdır. Belə ki, Şorsulu kəndində 608 torpaq mülkiyyətçisi arasında torpaqdan istifadə, torpaq mülkiyyətinin qeydiyyatı ilə bağlı çətinliklər, alqı-satqı, mübadilə və ya icarə yolu ilə torpaqların konsolidasiyasında iştirak niyyətlərini öyrənmək üçün sorğu aparılmışdır. Fermerlərin 88%-i tərəfindən torpaq sahələrinin birləşdirilməsində maraqlı olduqlarını bildirilmişdir.
2019-cu il 28 avqust tarixində layihənin bağlanış mərasimində Torpaqların konsolidasiyası üzrə Dövlət Proqramının, Milli Strategiyanın və qanunvericilik sənədlərinin təqdimatı keçirilmişdir. Eyni zamanda Salyan rayonu Şorsulu kəndində fermerlərin istifadəsi üçün layihə çərçivəsində kanal üzərində inşa edilmiş piyada keçidinin açılış mərasimi keçirilmişdir.
Layihənin nəticəsi olaraq, Milli torpaq konsolidasiyası strategiyası, fəaliyyət planı, dövlət torpaq konsolidasiyası proqramı və kənd təsərrüfatı torpaqlarının birləşdirilməsi haqqında qanun layihəsi hazırlanmış və təsdiqlənməsi üçün aidiyyəti üzrə təqdim edilmişdir.
“Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi layihəsi” çərçivəsində Azərbaycanda qoyunçuluq sektorunun transformasiyası üzrə strateji baxış və fəaliyyət istiqamətlərinin təmin edilməsi üçün, dəyər zəncirinin inkişafı üzrə beynəlxalq məsləhətçi tərəfindən “Azərbaycanda Qoyunçuluq üzrə Dəyər Zəncirinin İnkişafı 2025-ci ilə baxış” tədqiqatı hazırlanmışdır. Dəyər zəncirinin tədqiqinin nəticələrinin təhlili Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətin əsas sahələrini, hökumətin və aidiyyəti qurumların inkişafı sahəsində digər təşəbbüsləri müəyyənləşdirməyə kömək edəcəkdir. Tədqiqat ət, yun və südün dəyər zəncirlərini əhatə etsə də, qoyunçuluq təsərrüfatında fermerlərin əsas gəlir mənbəyi kimi əsasən ət sektoruna xüsusi diqqət yetirilmişdir. Qoyunçuluq sahəsində damazlıq prosesinin mövcud vəziyyətini qiymətləndirmək, bu sahədə mövcud olan problem və çatışmazlıqları müəyyən edərək, onların həlli ilə əlaqədar təkliflərin hazırlanması məqsədilə beynəlxalq məsləhətçi ilə müqavilə imzalanmış və növbəti ildən etibarən bu istiqamətdə fəaliyyətə başlanılacaqdır.
“Azərbaycanda iribuynuzlu damazlıq heyvanlarının cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsi çərçivəsində Azərbaycanda süni mayalanma proqramının güclü və zəif cəhətlərini təhlil etmək və bu sahənin inkişaf etdirilməsi ilə bağlı tövsiyələrin hazırlanması məqsədilə cəlb edilmiş süni mayalanma üzrə beynəlxalq məsləhətçi tərəfindən hesabat hazırlanmışdır. Göygöldə yerləşən Süni Mayalanma Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 18 adda müxtəlif avadanlıqlar alınmışdır. Bu avadanlıqlar Süni Mayalanma Mərkəzində təşkil ediləcək süni mayalanma texniklərinin hazırlanması zamanı istifadə ediləcəkdir. Süni Mayalanma Mərkəzində təlimlərin təşkil edilməsi ilə əlaqədar olaraq təlim koordinatoru işə başlamış və ilkin olaraq Mərkəzin təlim imkanları qiymətləndirilmişdir.
“Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması” layihəsi çərçivəsində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriyalarının təchizat səviyyəsinin gücləndirilməsi məqsədilə 34 adda şüşə qablar və digər tədarük malları alınmışdır. Bundan əlavə, 30 adda müxtəlif texnika və avadanlıqlar, o cümlədən traktor, kartof yığan, laboratoriya üçün yuyucu maşınlar və s. alınmışdır. Növbəti 2 il ərzində İnstitutda 15.000 ton kiçik kartof yumrularının istehsalı üçün nəzərdə tutulmuş 17 adda kimyəvi maddələr alınmışdır.
Layihə çərçivəsində ölkədə ilk dəfə olaraq, kiçik həcmdə olsa da sağlam kartof toxumu istehsalı üzrə mini yumruların istehsalı prosesinə həm qapalı, həm də açıq sahədə nail olunmuşdur.
19 avqust 2019-cu il tarixində layihənin beynəlxalq məsləhətçisi tərəfindən “Müxtəlif maraqlı tərəflər üçün kartof toxumu istehsalının bütün aspektləri” mövzusu üzrə 30 nəfərin iştirakı ilə seminar keçirilmişdir.
2019-cu il 16-20 dekabr tarixlərində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun 10 nəfər əməkdaşı üçün meristem və toxuma kulturası sahəsində 5 günlük təlim keçirilmişdir. Təlimin iştirakçıları əsasən İnstitutun müxtəlif bölmələrində çalışan əməkdaşlarıdır və təlim İnstitutun bu sahədə ixtisaslaşmış yüksək səviyyəli mütəxəssisləri tərəfindən ilk dəfə olaraq həyata keçirilmişdir. Təlim zamanı, dinləyicilər sağlam kartof toxumçuluğu sahəsində biotexnologiyanın tətbiqi, meristem bitkilərə botik və abiotik amillərin təsiri və toxuma kulturası və onun xəstəliklərdən azad toxum materialının alınmasında rolu mövzuları üzrə yerli təlimçilər tərəfindən maraqlı təqdimatlarla tanış olmuşlar.
 
Hesabat ilində 4117 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 135 ədəd taxılyığan kombayn, 749  ədəd traktor, 3233 ədəd traktora qoşulan və digər kənd təsərrüfatı texnikalarının mülkiyyət formasından asılı olmayaraq 2205 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və satışı güzəştli şərtlərlə maliyyələşdirilmişdir.
Qeyd olunan texniklaların alınması məqsədilə  32 237.2 min manat kredit və 59 950.0 min manat həcmində subsidiya ayrılmışdır.
Cari ildə 4523 baş iri və xırdabuynuzlu cins damazlıq heyvanların 60 faiz güzəşt tətbiq edilməklə fiziki və hüquqi şəxslərə 3 il müddətinə lizinqə verilməsi və satışı güzəştli şərtlərlə maliyyələşdirilmişdir.
Damazlıq heyvanların satışı zamanı 209.1 min manat həcmində kredit və 9744.5 min manat həcmində subsidiya ayrılmışdır.
Ümumilikdə 2019-cu il ərzində dövlət büdcəsindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 32 664.4 min manat ayrılmış və kənd təsərrüfatı istehsal vasitələrinin satışı güzəştli şərtlərlə maliyyələşdirilmişdir. Eyni zamanda “Aqrolizinq” ASC-nin portfelindən yığımlardan 39 000.0 min manat AKİA-nın hesabına köçürülmüş və müvafiq kreditlərin maliyyələşdirilməsi məqsədlərinə yönəldilmişdir.