İsmayıllı rayonunda üzümçü fermerlər üçün tarla seminarı keçirilib
2023-01-24
Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu (ÜŞETİ) və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunun Quşencə kəndində “Dəmyə şəraitində üzüm bağlarının becərilmə texnologiyası” mövzusunda tarla seminarı keçirilib.
Seminarın keçirilməsinin əsas məqsədi İsmayıllı rayonunda elmi-praktiki tövsiyələrə ehtiyacı olan fermerlərin istehsal prosesini mütamadi izləyərək onların qarşılaşdığı problemlərin həllinə, həmçinin becərmə texnologiyalarının, mühafizə tədbirlərinin düzgün həyata keçirilməsinə köməklik göstərməkdən ibarət olub.
Seminarda ÜŞETİ-nin əməkdaşları və üzümçü fermerlər iştirak ediblər. Rayonda üzümlüklərdə aqronomik tədbirlərin elmi əsaslarla həyata keçirilməsində çətinlik çəkən, məhsuldarlıq və məhsulun keyfiyyəti baxımından istənilən nəticə əldə olunmayan fermer təsərrüfatları müəyyən edilib. Mütəxəssislər tərəfindən budamanın aparılma qaydaları əyani olaraq femerlərə göstərilib.
Qeyd edək ki, quru budama üzümün sort xüsusiyyətindən, tənəyin becərildiyi şəraitdən, torpağın münbitliyindən, tənəyin formasından, məhsulun istifadə istiqamətindən, becərilmə texnologiyasından və s. asılı olaraq aparıldığından bəzi hallarda üzümçü fermerlərimiz düzgün budamada çətinliklə qarşılaşırlar. Budama zamanı optimal yük normasının (tənəkdə saxlanılan bar zoğlarının, gözcüklərin miqdarı, bar zoğlarının kəsilmə uzunluğu) müəyyən edilməsi məhsuldarlıq və məhsulun keyfiyyətinə, tənəyin konkret şəraitdə inkişafına, ekoloji risk amillərinə (quraqlığa, yüksək temperatura və s.), xəstəlik və zərərvericilərə davamlılığına müsbət təsir göstərir. Əks təqdirdə budama zanmanı tənəyə az və ya çox gözcük yükünün verilməsi ciddi fəsadlara gətirib çıxarır.
Budamada məqsəd:
-
Tənəyə uyğun formanın və müvafiq gözcük yükünün verilməsi;
-
Bar budaqlarının fəzada düzgün və nizamlı şəkildə yerləşdirilməsi;
-
Tənəkdə uzun illər sabit və yüksək məhsulun əldə olunması, tənəyin uzunömürlülüyünün təmin edilməsi;
-
Dərmanlama, məhsul yığımı və s. əməliyyatların asanlaşdırılması;
-
Tənəkdə əl əməyinin, yaşıl əməliyyatların və s. azaldılması
Dəmyə və suvarılan ərazilərdəki üzümlüklərdə risklər və ekoloji-coğrafi zonallıq xüsusiyyətləri, o cümlədən diferensial aqrotexnika və son illər iqlim dəyişikliyi ilə əlaqədar meydana çıxan problemlər nəzərə alınaraq tənəklərdə üzümün quru budaması, sortlar üzrə müxtəlif yükvermə normaları, suvarma, torpaq işləmə, gübrələmə, bitki mühafizə tədbirlərinin vaxtlı-vaxtında və düzgün həyata keçirilməsi, çəkilən xərclərin azaldılması, optimal məhsuldarlıq və məhsulun keyfiyyətinin yüksəldilməsi ilə səmərəliliyin artırılması hədəf olaraq götürülməlidir.