Təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edir
2023-05-03
Hava şəraitinin kəskin dəyişməsi nəticəsində baş verən təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edir. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bölgələrdə müstəqil sığorta ekspertləri ilə birlikdə leysan, dolu, sel və subasma nəticəsində zərər görmüş təsərrüfatlara baş çəkir, fermerlərlə görüşür, aqrar sığorta mexanizminin işləmə prinsipləri barədə məlumat verirlər.
Görüşlərdə fermerlərə dövlətin dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizminin üstünlüklərindən yararlanmaq və təsərrüfatlarını sığortalamaq tövsiyə olunur. Eyni zamanda, təsərrüfatlarını sığortalamış fermerlərə əkin sahələri və bağlara dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərini rəsmiləşdirməyin zəruriliyi izah edilir.
Qeyd edək ki, son günlər bölgələrdə baş vermiş leysan, dolu, sel və subasma kimi təbiət hadisələri ilə bağlı təsərrüfatlarına zərər dəymiş fermerlər tərəfindən Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə 124 müraciət daxil olub. Müraciətlər Çağrı Mərkəzində qeydə alındıqdan sonra Fond tərəfindən müstəqil sığorta ekspertləri dərhal hadisə baş vermiş təsərrüfata ezam olunur, hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar.
Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək.