
Asiya İnkişaf Bankının Kənd Təsərrüfatı, Qida, Təbiət və Kənd Yerlərinin İnkişafı Sektoru Ofisinin Su resursları üzrə baş mütəxəssisi, Yaozhou Zhounun moderatorluğu ilə təşkil olunan “Ağıllı texnologiyalar, süni intellekt və rəqəmsallaşma vasitəsilə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi” adlı 1-ci dəyirmi masada Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdiri Aynur Qurbanlı, Kənd Təsərrüfatı Nazirliyinin Süni zəkanın aqrar sahədə tətbiqi layihəsinin komanda rəhbəri Surxay Novruzov, McKinsey şirkətinin nümayəndəsi Anıl Cem Arslan, Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Coğrafi İnformasiya Sistemləri üzrə direktoru İsmət Baxışov, “Grand-Agro İnvitro” MMC-nin icraçı direktoru, Azərbaycan Tingçilər Assosiasiyasının sədri Ramil Əzməmmədov və AgriGo Group şirkətinin Marketinq və biznesin inkişafı üzrə rəhbəri Darina Privalko iştirak edib. Dəyirmi masada kənd təsərrüfatı üzrə rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi, təsərrüfat səviyyəsində qərarqəbuletməni dəstəkləyən süni intellekt əsaslı alətlər, iqlim dayanıqlılığı üçün məlumatlara əsaslanan sistemlər, milli aqro-ərzaq gündəliyinin icrası məqsədilə institusional koordinasiya mövzuları ətrafında müzakirə aparılıb.
2-ci dəyirmi masanın açılış hissəsində əvvəlcə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov, sonra Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev çıxış edib. FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisində baş iqtisadçı Cristian Morales Opazın moderatorluğu ilə “Aqro-ərzaq sektorunda investisiya və ixrac rəqabətqabiliyyətliliyi” adlı 2-ci dəyirmi masa müzakirəsi start götürüb. FAO-nun Aqro-Ərzaq Sistemlərinin Ölkə Proqramlaşdırılması və Sübutlara Əsaslanan Analitik Dəstək Mexanizmi (SCOPE) Təşəbbüsünün nümayəndəsi Orjon Xhoxhi, “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri cənab Mürvət Həsənli, “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Bəşir Quliyev, ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbinin dekanı Matteo Vittuari, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü Elşən Məmmədov, Asiya İnkişaf Bankının İnvestisiyalar üzrə baş mütəxəssisi Sənan Şabanov və Beynəlxalq Maliyyə Korporasiyasının hüquq mütəxəssisi Aqil Abdullayev aqro-ərzaq dəyər zəncirləri üzrə investisiya prioritetləri, ixrac rəqabətqabiliyyətliliyi və diversifikasiya strategiyaları, həmçinin maliyyələşdirmə alətləri və risklərin azaldılması mexanizmləri mövzularına toxunub.
Çıxışçıların təqdimatı ilə yanaşı, interaktiv müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
V Aqrobiznesin İnkişafı Forumu öz işini uğurla başa vurub.