Yerli fermerlərin məhsulları “YayLand Fest” xeyriyyə yarmarkasında sərgilənir

2023-05-02

Yarmarkada “Şəhərdən Kəndə” və AFAQ stendləri qurulub
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” və AFAQ layihələri “YayLand Fest” xeyriyyə yarmarkasında iştirak edir. “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilən yarmarkada layihələrin təqdimatı 34-cü evdə keçirilir. 
“Şəhərdən Kəndə” adı altında fəaliyyət göstərəcək evdə müxtəlif bölgələrdən layihələrə qoşulan fermerlər qonaq olacaqlar. AFAQ-çı xanım fermerlərin və “Şəhərdən Kəndə” aqroturizm layihəsinə qoşulan təsərrüfatların istehsal etdikləri təbii və orqanik məhsullar (kompot, mürəbbə, turşu, arıçılıq məhsulları, quru meyvələr və s.) stenddə sərgilənəcək, məhsulların dequstasiyası və satışı həyata keçiriləcək. Həmçinin stenddə aqroturizm təsərrüfatlarının təqdimatı da baş tutacaq. Növbəlilik əsasında müxtəlif regionlardan dəvət olunan fermerlər ziyarətçilərə öz təsərrüfatları barədə geniş məlumat verəcəklər.
Qeyd edək ki, “YayLand Fest” xeyriyyə yarmarkası 1 may-15 iyun tarixləri aralığında Fəvvarələr meydanında təşkil olunacaq.
Xatırladaq ki, “Şəhərdən Kəndə” ölkəmizdə aqroturizmin inkişafı, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılması məqsədilə icra olunan layihədir. Bugünədək layihəyə qoşulmaq üçün 200-dən artıq müraciət daxil olub. Baxış keçirilən 169 fermer təsərrüfatından 122-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib. Layihə çərçivəsində yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 221 təsərrüfat sahibi iştirak edib. 15 təsərrüfatda isə yenidənqurma və abadlaşdırma işləri aparılıb, təsərrüfatlara aktivlərlə dəstək göstərilib.
AFAQ layihəsi isə qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına xidmət edir. Bugünədək layihəyə 1100-ə yaxın müraciət daxil olub, 181 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 151 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində 202 qadın fermer nəzəri və praktik təlimlərdə iştirak edib.