AFAQ layihəsi çərçivəsində Zaqatalada arıçı qadın fermerlərə təlim keçirilib

2023-08-10

Arıları “Varroa” gənələrindən təmizləyən qurğunun təqdimatı baş tutub
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində arıçılıq sahəsində fəaliyyət göstərən və layihəyə müraciət edən qadın fermerlərə təlim keçirilib.
Zaqatala rayonunda baş tutan təlimdə Qax, Zaqatala və Balakən rayonları üzrə ümumilikdə 70 fermer qadın iştirak edib. Təlim arıçılıqda yeni innovativ metodlar, arıçılıq məhsullarının istehsal həcmini artırma strategiyaları və digər mövzuları əhatə edib.
Həmçinin təlimdə orta illik temperaturun artması ilə birlikdə çoxalan və arıçılıq təsərrüfatlarına zərər vuran “Varroa” gənələrinin yaratdığı risklərdən və bu gənələrə qarşı görüləcək profilaktik tədbirlərdən bəhs edilib. Bu səbəbdən təlim zamanı arıları “Varroa” gənələrindən təmizləmək üçün yaradılan yeni “ANTİVARROA” qurğusu arıçılara təqdim olunub. Professorlar Vaqif Rüstəmov və Vüqar Əliyev tərəfindən ixtira edilən qurğu təlim zamanı uğurla sınaqdan keçirilib. Təcrübədən sonra fermer qadınlar qurğunu öz təsərrüfatlarında istifadə edəcəklərinə maraqlı olduqlarını bildiriblər.
Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bugünədək layihəyə 1350-yə yaxın müraciət daxil olub, layihə kriteriyalarına cavab verən 274 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 177 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində 388 qadın fermer nəzəri və praktiki təlimlərdə iştirak edib.