Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Cəlilabadda vətəndaşları qəbul edib
2023-09-05
Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev sentyabrın 5-də, saat 10:00-da Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Cəlilabad, Neftçala, Biləsuvar və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciəti əsasən fermerlərə subsidiyanın verilməsi, torpaq sahələrinin sənədləşdirilməsi, güzəştli kreditlərin şərtləri, aqrar sığorta və digər məsələlərlə bağlı olub. AKİA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı müraciətlər çox olduğundan fermerlərə dövlət başçısının 2021-ci ilin 7 oktyabr tarixində imzaladığı “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanı barədə geniş məlumat verilib. Bildirilib ki, bu Fərman aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması məqsədilə imzalanıb. Fermerlərə dövlətin yaratdığı imkanlardan yararlanmaq, öz torpaq sənədlərini qaydaya salmaq, sahib olduqları torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək tövsiyə olunub. 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyaların torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcəyi vurğulanıb. Bu səbəbdən vətəndaşlar bu çıxarışları əldə etmək üçün müvafiq dövlət qurumuna vaxtında müraciət etməlidir.
Seymur Mövlayev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.