IV Aqrobiznesin İnkişafı Forumunda aqrar sektora dövlət dəstəyi və maliyyə təşviqləri mövzuları müzakirə olunub
2025-05-02
IV Aqrobiznesin İnkişafı Forumu öz işini dəyirmi masa formatında davam etdirib.
Forum çərçivəsində təşkil olunan I dəyirmi masa “Maliyyə təşviqləri və aqro-maliyyələşmə həlləri” mövzusuna həsr olunub. Bu dəyirmi masada Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov aqrar sığorta mexanizmi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB Dostu departamentinin müdiri Elnur Əliyev aqrar biznesin inkişafı istiqamətində KOBİA-nın həyata keçirdiyi tədbirlər, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova “Azərbaycan üçün hərtərəfli təsərrüfatın dayanıqlılığının ölçülməsi sisteminin işlənib-hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinə texniki dəstək” layihəsi, AKİA-nın Kredit şöbəsinin müdir müavini Emil Xasənmədov mövcud maliyyə təşviqləri, FAO təbii sərvətlər üzrə mütəxəssisi Giulia Maria Galbiati Bakı Harmoniya İqlim Təşəbbüsü və FAST Tərəfdaşlığı məqsədlərinə uyğun maliyyələşmə strategiyaları mövzularında təqdimatla çıxış ediblər. Mütəxəssislər aqrar sektora göstərilən dövlət dəstəyi, bu sahənin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər, aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, aqrar biznes sektorunda investisiya perspektivləri, bu istiqamətdə qabaqcıl təcrübələr, aqrar sahəyə innovativ yanaşmaların tətbiqi yolu ilə dövlət və özəl sektorun birgə kapital investisiyası imkanları, aqrar sığortanın əhəmiyyəti, aqrar sahənin dayanıqlı inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Təqdimatlardan sonra Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitovanın moderatorluğu ilə müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırlıb.
Daha sonra kənd təsərrüfatında dövlət dəstəyinin təmin edilməsində, kiçik və orta fermerlərin istehsal vasitələri ilə təmin olunmasında, fermerlərin dövlət vəsaiti hesabına kreditləşməsində, aqrar maliyyələşmə sahəsində yeni innovativ məhsulların təqdim edilməsində iştirak edən müvəkkil kredit təşkilatlarına, lizinq şirkətlərinə mükafatlar təqdim olunub.
Daha sonra Forum öz işini “2024-cü ildə Aqrobiznesin inkişafı üçün subsidiya mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa ilə davam etdirib. Aqrar Kredit və İnkişaf Agentliyinin Dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fətdahov öz təqdimatında 2024-cü ildə tətbiq edilən yeni subsidiya mexanizmləri və onların aqrobiznes sektoruna təsiri, FAO baş texniki mütəxəssisi Dmitry Zvyagintsev “Yaşıl subsidiyalara doğru: FAO-nun siyasət yanaşması” mövzularında təqdimat ediblər. Təqdimatlardan sonra fermerlər, assosiasiyalar, aqroparklar və aqro şirkətlərin nümayəndələri aqrobiznesin inkişafı istiqamətində öz fikirlərini bölüşüblər. Natiqlər kənd təsərrüfatında subsidiya siyasəti, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştlər və yardımlar, aqrar sahədə məhsuldarlığın daha da artırılması, iqlimə uyğun, yaşıl və rəqəmsal kənd təsərrüfatının yaradılması, məsələlərinə toxunublar.
Dəyirmi masalarda iştirakçıların sualları cavablandırılıb, aidiyyəti qurumlar da daxil olmaqla əsas maraqlı tərəflərin rəyləri öyrənilib.
Forumun bağlanış mərasimində çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov bildirib ki, bu forum çoxtərəfli iştirakçılığa və institusional əməkdaşlığa əsaslanan bir platforma rolunu oynamaqla mühüm funksiyanı yerinə yetirir. Forum aiddiyyati dövlət qurumların, eləcə də sahibkarlıq və bank sektorunun nümayəndələrinin aqrobiznesin tənzimlənməsi və dəstəklənməsi istiqamətində apardığı işlərin vahid bir platformada təqdiminə şərait yaratmaqla aqrar sektorunun strateji inkişafı baxımından olduqca əhəmiyyətlidir.
Bununla da IV Aqrobiznesin İnkişafı Forumu öz işini başa çatdırıb.
