Qubada Aqrar Biznes Festivalı çərçivəsində AKİA-nın iştirakı ilə maliyyə mexanizmləri təqdim olunub
2025-06-03
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Quba rayonunda növbəti Aqrar Biznes Festivalı keçirilib. Festival çərçivəsində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarlar üçün bilik və təcrübə mübadiləsi imkanı yaradılıb, innovativ texnologiyalar və dövlət dəstəyi alətləri nümayiş etdirilib.
Festival çərçivəsində təşkil olunan kredit yarmarkasında AKİA və digər maliyyə qurumları tərəfindən fermerlərə və sahibkarlara güzəştli kreditlər, subsidiyalar və digər maliyyə alətləri barədə ətraflı məlumat verilib.
“Dövlətin maliyyə mexanizmləri” mövzusunda keçirilən panel müzakirəsində AKİA nümayəndələri çıxış edərək aqrar sahəyə yönələn dəstək proqramları, subsidiyaların alınması qaydaları, güzəştli kredit imkanları və texniki dəstək mexanizmləri barədə iştirakçıları məlumatlandırıblar. Panel zamanı fermerlərin sualları cavablandırılıb və kredit müraciətləri üçün zəruri məlumatlar verilib.
Festival, regionda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və maliyyə resurslarına çıxışın asanlaşdırılması baxımından mühüm platforma kimi dəyərləndirilib.
