
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd insan hüquqlarının təşviqi, müdafiəsi və təmin olunması istiqamətində məlumatlılığın artırılması olub.
AKİA-nın şöbə müdiri Adil Məmmədov beynəlxalq səviyyədə, eləcə də ölkəmizdə insan hüquq və azadlıqlarına dair sənədlərin qəbul olunması tarixi və onların təkmilləşdirilməsi barədə məlumat verib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasına əsaslanan yeni dövlət quruculuğunun başlanğıcı olub. Ölkəmizdə insan hüquqları sahəsində qəbul edilmiş ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
Vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquqi islahatlar insan hüquq və azadlıqlarının təmin edilməsinə, sosial rifahının və layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun artırılmasına, hüquq bərabərliyinin qanunvericilikdə, icra və məhkəmə sistemində təmin olunmasına, habelə dayanıqlı inkişafa xidmət edir.
Əmək hüquqlarına riayət olunması, sosial hüquqların təmin edilməsi, əmək münasibətlərində və hüquqların müdafiəsi sahəsində həmkarlar ittifaqlarının rolu, eləcə də əməkdaşların hüquq və vəzifələri barədə iştirakçılara məlumat verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.