AQRO XƏBƏRLƏR

“Aqrar sahədə texniki nəzarətin təşkili” mövzusunda tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət Texniki Nəzarət şöbəsinin yaradılmasının 65-ci ildönümü ilə əlaqədar “Aqrar sahədə texniki nəzarətin təşkili” mövzusunda tədbir keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların məsul şəxsləri, Dövlət Texniki Nəzarət şöbəsinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rafail Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahə iqtisadiyyatın prioritet sahələrindən biri elan edilib. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, aqrar sahədə davamlı inkişafa nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında məhsuldarlığını artırmaq, ixrac potensialını gücləndirmək, məşğulluğu daha da genişləndirmək vəzifələri dayanır. Aparat rəhbəri qeyd edib ki, kənd təsərrüfatının intensiv inkişafı həm də aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır. Məhz bu səbəbdən bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır. Xüsusilə aqrar sektorun əsas hərəkətverici qüvvəsi olan fermerlərimizin innovativ kənd təsərrüfatı texnikalarının iş prinsipləri barədə məlumatlı olması mühüm əhəmiyyət kəsb edir. Dövlət Texniki Nəzarət şöbəsinin əməkdaşları kənd təsərrüfatı texnikası istifadəçilərinə müasir  təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Agentliyinin şöbə müdiri Azər Qarayev əsas fəaliyyət istiqamətlərindən birinin mexaniki nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət  texniki nəzarətinin həyata keçirilməsi, daşınar əmlakın reysterinin aparılması, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, bununla əlaqədar olaraq Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq respublikanın bölgələrində monitorinqlər keçirilib, qanunvericiliyin tələblərinə əməl etməyən texnika istifadəçiləri barədə inzibati xəta protokolları tərtib edilib, həmçinin maarifləndirmə tədbirləri həyata kecirilib.
Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov kənd təsərrüfatı texnikası istifadəçilərinin təhlükəsizlik qaydalarına riayət etməsinin vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, aqrar sahədə intensiv olaraq mexaniki nəqliyyat vasitələrindən istifadə edildiyindən bu sahədə əməyin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilir. Fermer təsərrüfatlarında və istehsalat sahələrində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkili məqsədilə mütəmadi monitorinqlər təşkil olunur, aqrar sahədə çalışan işçilər mütəmadi olaraq təlimlərə cəlb olunur.
Tədbirin sonunda aqrar sahədə texniki nəzarətin təşkili işində fərqlənən müfəttişlərə “Fəxri diplom” və təşəkkürnamələr təqdim olunub.