Bitkiçilik

1.Xidmətin adı

Məhsul subsidiyası.

2.Xidmətin məzmunu

Tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə subsidiyanın verilməsi.

3.Xidməti həyata keçirən qurumun və (və ya) struktur bölmənin adı

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra - AKİA), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzləri (bundan sonra - DAİM).

4. Xidmətin icrasında iştirak edən digər qurum və ya struktur bölmənin adı

"ASAN xidmət" mərkəzlərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, kiçik və orta biznes (bundan sonra - KOB) evlərində KOB dostu.

5. Xidmətin hüquqi əsası

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın

(bundan sonra - Qayda) 1.2.10-cu yarımbəndi və 3-cü hissəsi.

6. Xidmətin həyata keçirilmə formaları

           •  Elektron müraciət və nəticənin elektron təqdim edilməsi;

           •  Xidmət yerinə gəlməklə müraciət və nəticənin elektron təqdim olunması.

7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması

•  E-poçt vasitəsilə məlumatlandırma;

•  Şəxsi kabinet vasitəsilə məlumatlandırma;

•  SMS vasitəsilə məlumatlandırma.

8.Xidmətin həyata keçirilməsinin nəticəsi

Subsidiyanın verilməsi.

9.Xidmət istifadəçisi barədə məlumat

Fiziki və hüquqi şəxslər (fermer).

Qeyd: Fermer - kənd təsərrüfatı məhsullarının istehsalçısı olan, FİN/VÖEN nömrəsi və öz adına olan mobil nömrə əsasında “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra - EKTİS) qeydiyyatdan keçən şəxsdir.

10.Xidmətin həyata keçirilməsi müddəti

Elektron bəyannamə EKTİS-də ayın 15-dən əvvəl təsdiq edildikdə həmin ayın sonu, 15-dən sonra təsdiq edildikdə növbəti ayın sonu.

11.Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti

Elektron qaydada formalaşan müraciət ərizələri real vaxt rejimində təsdiq və qəbul olunur.

12. Xidmətin göstərilmə yeri

EKTİS (elektron mühitdə), DAİM, "ASAN xidmət" mərkəzləri və ya KOB-un inzibati binalarında

13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları

Qaydanın 2.10-cu, 3.18-ci bəndləri, 1.2.10-cu və 3.8.4-cü yarımbəndlərinə əsasən  subsidiyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:

       •   fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;

       •   istehsal edilən kənd təsərrüfatı məhsulları tədarükçülərə təhvil verilmədikdə;

       •   yaşayış məntəqələrinin və digər kateqoriya torpaqlarında əkin aparıldıqda;

       •   təhvil verilən məhsul ölkədə istehsal edilmədikdə.

14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

       •  Elektron bəyənnamə;

       •  tədarükçülər ilə məhsul alışına dair bağlanan müqavilələr;

       •  istehsal edilən kənd təsərrüfatı  məhsullarının tədarükçülərə təhvil verilməsini təsdiq edən sənədlər (Məhsulun qəbul qəbzi)

15. Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank, və s.) nümunələri

Ərizə və sənədlər EKTİS-də avtomatlaşdırılmış qaydada formalaşır və elektron kabinet vasitəsilə fermerə təqdim olunur.

16. Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin

 məbləği, hüquqi əsası və  ödənilmə üsulları

Ödənişsiz.

17. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

Addım 1. Tədarükçülər alacaqları məhsula dair fermer ilə qabaqcadan bağladıqları müqaviləni EKTİS-ə daxil edir. 

Addım 2. Fermer məhsul subsidiyası alacağı bitki ilə bağlı əkin subsidiyasına müraciət edibsə həmin subsidiya ilə bağlı prosedurlar həyata keçirilir. Əkin subsidiyasına müraciat etməmiş fermerin sadəcə məhsul subsidiyasına müraciəti həmin məhsulun mənbəyinin araşdırılması üçün əsasdır.

Addım 3. Fermer məhsullarını tədarükçüyə təhvil verir. Tədarükçü təhvil aldığı kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatı, fermer isə məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini) EKTİS-ə daxil edir.

Qeyd: Hər il dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır.

Addım 4. Təhvil verilən məhsulun növü və miqdarı əsas alınaraq məhsul subsidiyasına dair elektron bəyannamə formalaşır və fermerin kabinetinə "Subsidiyalar" bölməsinə daxil edilir. Məhsul subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır.

Məhsul subsidiyası = baza məbləği (200 azn) × məhsul əmsalı (Aqrar Subsidiya Şurası tərəfindən məhsuldarlığın təşviqi üçün bəzi bitkilər üzrə müəyyən edilərək hər il elan olunur)

Addım 5. Fermer şəxsi kabinetində olan məhsul subsidiyasına müraciətə dair elektron bəyannaməni təsdiq edir. Fermer bəyannamədə göstərilən məhsul miqdarı və hesablanan məbləğ ilə razı deyilsə, EKTİS, DAİM vasitəsilə və ya bilavasitə tədarükçüyə şikayat edir.

Addım 6. Fermerin şikayatinə əsasən məlumatlarda düzəliş edən və ya düzəlişdən imtina edən Tədarükçü bu barədə EKTİS-ə əsaslandırma daxil edir.

Addım 7. Fermer təsdiqindən sonra elektron bəyannamə DAİM tərəfindən təsdiq edilir. Əkin subsidiyasina müraciət etməyən fermerin məhsulunun mənbəyi araşdırılaraq bəyannamə təsdiq və ya imtina edilir.

Addım 8. Təsdiq edilən müraciətlər üzrə AKİA tərəfindən ayın sonuna qədər subsidiya ödənişi fermerin hesabına köçürülür.

18. Xidmətdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barəda məlumatlar

Ərizəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada DAİM-ə, DAİM-in qərarlarından AKİA-ya şikayət verə bilər. Şikayət kağız üzərində və ya EKTİS vasitəsilə tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikasinın Qanununun 74-cü maddəsinə uyğun olmalıdır və şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ay müddətinə baxılır.

19. Xidmətin həyata keçirilməsində istifadə  edilən informasiya sistemi və  ehtiyatları

EKTİS.

20. Xidmətin elektronlaşma  səviyyəsi

Elektronlaşdırılıb.

21. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi

Qismən avtomatlaşdırılıb.

22. Xidmətdə dəyişikliklər edilməsinin və xidmətin ləğv olunmasının hüquqi əsası və tarixi

-