Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Bərdədə vətəndaşları qəbul edib

2023-09-08

Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov sentyabrın 8-də, saat 10:00-da Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Yevlax və Ucar rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov və Bərdə Rayon İcra Hakimiyyəti başçısının I müavini Vahid Qarayev şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti əsasən fermerlərə subsidiyanın verilməsi, işlə təminat, suvarmada yaranan çətinlik,  taxılın qiyməti, təsərrüfatın işğaldan azad edilmiş ərazilərə köçürülməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.