AQRO XƏBƏRLƏR

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edib

Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin aparat rəhbəri Azad Cəfərli sentyabrın 29-da Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Kürdəmir, Zərdab, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Qəbulda vətəndaşların müraciətləri əsasən güzəştli kreditin ayrılması, aqrar sığorta üzrə ödənişlər, işlə təminat, əmək müqaviləsinin müddətinin artırılması, örüş yerinin ayrılması və digər məsələlərlə bağlı olub. Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Aparat rəhbəri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.