Sabirabadda toxum sərgi-satış yarmarkası keçirilib

2023-09-28

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkası Sabirabad rayonunda keçirilib. Yarmarkada Sabirabad, Saatlı, Biləsuvar, İmişli, Salyan rayonlarının fermerləri iştirak edib. Toxum sərgi-satış yarmarkasında kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyalar, müxtəlif növ bitki sortlarının sertifikatlı toxumları nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bildirib ki, kənd təsərrüfatının bütün sahələrində olduğu kimi toxumçuluğun inkişafına mühüm diqqət yetirilir. Bu gün rayonda keçirilən toxum sərgi-satış yarmarkası rayon və ətraf bölgələrdən olan fermerlərə keyfiyyətli toxum almaq üçün böyük imkanlar yaradır. Çünki məhsuldarlığı artırmaq üçün fermerlər keyfiyyətli toxuma üstünlük verməlidirlər.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, bu gün toxum istehsalında müasir innovasiyalardan istifadə olunur, müxtəlif iqlim şəraitinə uyğun toxumlar yetişdirilir. Ən əsası fermerlərin sərbəst seçim etmək imkanı var, regionlarda keçirilən yarmarkalar belə imkanlardan biridir.
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsədlərdən birinin toxum bazarını, o cümlədən yerli toxumçuluğu daha da inkişaf etdirməkdən ibarət olduğunu qeyd edib.
Tədbir çərçivəsində “Toxumçuların Milli Forumu” da keçirilib. Forumda “Azərbaycanda toxumçuluğun dayanıqlı inkişafı: çağırışlar, innovasiyalar və həllər ” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsi zamanı Azərbaycan Toxumçular Assosiasiyası, Dövlət Toxum Fondu, Aqrar Xidmətlər Agentliyi, “Agrodairy” MMC, Əkinçilik, Tərəvəzçilik və Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri tərəfindən toxumçuluq istiqamətində müxtəlif mövzularda təqdimatlar edilib və müzakirələr aparılıb. Forumda 100-ə yaxın toxum istehsalçısı və şirkət nümayəndələri iştirak edib. Forum zamanı Azərbaycan Toxumçular Assosiasiyası tərəfindən Assosiasiyaya üzv şirkətlərə üzvlük şəhadətnamələri təqdim edilib.
Qeyd edəki, növbəti toxum sərgi-satış yarmarkası Aqrar İnnovasiya Festivalı çərçivəsində  Biləsuvar rayonunda keçiriləcək.