Nazir Məcnun Məmmədov Ağsuda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
2023-11-24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov 24 noyabr tarixində Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ağsu, Ağdam, Goranboy, Göyçay, Xocavənd, Qobustan, Lənkəran, Saatlı, Şamaxı, Şəki, Tərtər və digər rayonlardan, eləcə də Bakı və Gəncə şəhərlərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə nazir Məcnun Məmmədov və Ağsu rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi, texnika ilə təminat, torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı olub. Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.