Tovuz rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tovuz rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib. Festivalda Tovuz, Qazax, Ağstafa, Şəmkir, Samux, Gədəbəy, Göygöl rayonlarından fermerlər iştirak edib. Festivalda kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən texnologiya və məhsullar sərgilənib. Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları və digər dövlət qurumlarının mütəxəssisləri, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri tərəfindən fermerlər üçün ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri, aqrar sığorta, bitkiçilik və heyvandarlıq, dəqiq əkinçilik, “ağıllı” kənd təsərrüfatı sistemləri, kənd təsərrüfatının inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər barədə məlumatlar verilib.
Festivalın rəsmi açılış hissəsində çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Hüseynov çıxışı zamanı ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini bildirərək bu islahatların nəticədə digər sahələr kimi aqrar sahədə də öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verdiyini qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışı zamanı bildirib ki, festivalların keçirilməsində əsas məqsəd fermerlərin kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən məhsullarla bir platformada yaxından tanış olmasıdır. Bu, festivallar öz bəhrəsini verir, istehsalçılar və fermerlər arasında birbaşa əlaqə yaradır.
Festivalın ənənəsinə uyğun olaraq kənd təsərrüfatı məhsullarının sərgi və nümayişi ilə yanaşı sahənin prioritet mövzularına dair fermerlərin maarifləndirilməsi istiqamətində təlim keçirilib. Təlim heyvandarlıqda tənəffüs yollarının xəstəlikləri və müalicəsi mövzularını əhatə edib.
Mərkəzin əsas fəaliyyət istiqamətinə uyğun olaraq festival çərçivəsində aqrar sahədə startapların inkişafı və bu sahəyə marağın artırılması yönündə dəstək tədbirləri həyata keçirilir. Bu günki keçirilən festivalda startap kimi fəaliyyətə başlayıb, daha sonra məhsulu təsərrüfatlarda sınağı uğurla həyata keçirilən, kütləvi istehsala başlamış yerli şirkət tərəfindən - arıları “varroa” gənələrindən təmizləyən qurğu (Antivarroa) Tovuz rayonunun qabaqcıl arıçılarından olan fermer Qabil Hacıyevə ianə edilib. Antivarroa qurğusu- çöl şəraitində və yaşayış məntəqələrindən uzaq yerlərdə elektrik enerjisi olmadan arı ailələrini gənələrdən təmizləyir. Qurğu arıçılıq təsərrüfatlarında sınaqdan keçirilib və uğurlu nəticələr əldə edilib.
Festivalların keçirilməsinin əsas töhfələrindən biri də kənd təsərrüfatı sahəsində özəl şirkətlərlə, kooperativlərlə, assosasiyalarla iş birliyinin yaranması, təcrübə mübadiləsinin həyata keçirilməsidir. Festival çərçivəsində yerli orqanik gübrə istehsalçısı şirkət ilə Tovuz rayonunda fəaliyyət göstərən, özündə böyük qadın qruplarını cəmləşdirən “Qərb Yenilikləri” Qadın Kooperativi arasında əməkdaşlığa əsasən kooperativə məxsus təsərrüfatda yerli şirkət tərəfindən təmənnasız şəkildə torpağın strukturunun yaxşılaşmasına və məhsuldarlığın artmasına səbəb olan mineral gübrələr tətbiq olunacaqdır.
Müxtəlif məhsulların sərgiləndiyi festival ziyarətçilər tərəfindən maraqla qarşılanıb.