Fermerlərə payızlıq əkinlər və çoxillik əkmələrə görə subsidiyaların ödənişinə başlanılıb

2024-02-06

İlkin mərhələdə 536702 əkin bəyanı üzrə 263992 fermerə 109 milyon manatdan çox subsidiya ödənilib 
Fermerlərə payızlıq əkinlərə görə subsidiyaların ödənişinə başlanılıb.
Subsidiyalar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. İlkin mərhələdə 2023-2024-cü təsərrüfat ili üzrə 536 702 əkin bəyanı əsasında 263 992 fermerə ümumilikdə 109 milyon 517 min manat əkin subsidiyası ödənilib. Subsidiya ödənişləri payızlıq əkinlər və çoxillik əkmələrə görə bəyan edilmiş 543 298 hektar sahəni əhatə edir.
Qeyd edək ki, ötən il fevralın əvvəllərində 189 946 əkin bəyanı üzrə 93 904 fermerə 48 milyon 636 min manat ilkin əkin subsidiyası ödənilmişdi. Ödənişlər 258 349 hektar əkin sahəsini əhatə edirdi.
Bu il ilkin mərhələdə subsidiya ödənişi alan fermerlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə, subsidiya vəsaitinin miqdarı 2,3 dəfə, əkin sahəsinin həcmi 2,1 dəfə, ödəniş edilən bəyanların sayı 2,8 dəfə çoxdur.
AKİA-dan bildirilib ki, subsidiya ödənişlərin sürətli köçürülməsinə müsbət təsir edən amillərdən biri də fermerlərin çıxarış sənədlərini əldə etməsidir.
“Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq 2025-ci il yanvarın 1-dən başlayaraq subsidiyaların torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış sənədi əsasında verilməsi nəzərdə tutulub. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə fermerlərin maarifləndirilməsi,  vətəndaşların torpaqdan istifadə hüququna dair sənədlərində mövcud çatışmazlıqların aradan qaldırılması və pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin başa çatdırılması ilə bağlı işlərin sürətləndirilməsi üçün aidiyyəti qurumlarla birlikdə müvafiq addımlar atılır. Bunun nəticəsində torpaq sənədlərinin əksəriyyəti hazırda çıxarış sənədləri ilə əvəzlənib və 2023-2024-cü təsərrüfat ilində EKTİS-ə inteqrasiya edilib.
AKİA əkin bəyanlarının monitorinqini başa çatdırdıqca ödənişləri həyata keçirir. Monitorinqlərin müddəti və mərhələləri bəyanların uyğunluğundan, fermer sahələrindən, əkilmiş bitkinin növündən asılıdır. Torpaq sənədlərinin sistemdə müqayisəli yoxlanması, peyk vasitəsilə monitorinq və yerüstü yoxlamalar dövlətin aqrar sahəyə ödədiyi vəsaitin fermerlərə ədalətli çatdırılmasını təmin etməyə imkan verir.
Qanunvericiliyə uyğun olaraq, fermerlər karta köçürülmüş vəsaitin 25 faizini nağdlaşdıra, 75 faizini isə qeyri-nağd qaydada mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid ala bilər, habelə torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına və qurulmasına sərf edə bilərlər. 
Hazırda payızlıq əkinləri EKTİS-də bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin monitorinqi davam edir. Əkinləri üzrə monitorinqləri başa çatmış, torpağın aqrokimyəvi analizinin nəticələrini EKTİS-ə daxil etmiş və sığortaya dair məlumatları EKTİS-ə inteqrasiya edilmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir. Payızlıq əkinlərə və çoxillik əkmələrə görə subsidiya ödənişlərinin mümkün qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.
Subsidiyaların ödənişi davam edəcək.