Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Hacıqabulda vətəndaşları qəbul edib

2024-02-19

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev fevralın 19-da, Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Hacıqabul, Ağsu və Şirvan rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən güzəştli şərtlərlə kreditlərin verilməsi, heyvandarlıq təsərrüfatının inkişafı üçün güzəştlər, güzəştli şərtlərlə texnika alışı, əkin subsidiyası və digər məsələlərlə bağlı olub. AKİA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Seymur Mövlayev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Qarasu kəndində fermer Qabil Abdullayevə məxsus heyvəndarlıq təsərrüfatında iribuynuzlu mal-qara, həmçinin əkin sahələrinin vəziyyəti ilə tanış olan Agentlik sədri fermerin ehtiyacları ilə maraqlanıb, ona dövlət tərəfindən göstərilə biləcək dəstəklər barədə məlumat verib.
Daha sonra Seymur Mövlayev Muğan kəndində Aberdin-anqus heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə yaxından tanış olub, əlavə dövlət dəstəklərindən danışıb.