Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Astara, Lənkəran və Lerikdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
2024-06-24
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov respublikanın cənub bölgəsinə səfəri çərçivəsində Astara, Lənkəran və Lerik rayonlarında təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Nazir əvvəlcə Astara rayonunun Vel və Şərgəran kəndlərində çəltik sahələrinə baş çəkib, çəltik əkinlərinin vəziyyəti ilə maraqlanıb, fermerlərlə innovativ əkin üsulları, yeni sortların yerli şəraitə uyğunlaşması prosesi, sahələrin müasir üsullarla dərmanlanması imkanları, çəltik sahələrinin genişləndirilməsi perspektivləri, çəltikçiliyin inkişafına dövlət dəstəyi mexanizmləri barədə fikir mübadiləsi aparıb.
Daha sonra Məcnun Məmmədov Şövü kəndində salınmış avokado bağı ilə tanış olub. Məlumat verilib ki, Astaranın iqlim şəraiti açıq havada avokado yetişdirməyə imkan verir. Azərbaycanda ilk dəfə salınan avokado bağı 42 hektar ərazini əhatə edir. İki il əvvəl salınmış bağda artıq ilk məhsul yığımına başlanacaq. Avokado meyvəsinə daxili bazarda kifayət qədər tələbatın olduğunu bildirən fermerlər məhsulun əsas hissəsini xarici bazarlara ixrac etmək istəyirlər. Görüş zamanı fermerlərlə istixana şəraitində ting və meyvə yetişdiriciliyi, avokado ağaclarına aqrotexniki qulluq qaydaları, orqanik məhsul istehsalı ətrafında müzakirələr aparılıb.
Nazir Məcnun Məmmədov Lənkərana səfər çərçivəsində Separadi, Şağlaser, Tükəvilə kəndlərində və İstisu qəsəbəsində salınmış feyxoa, kivi, naringi, limon, nektarin, giləmeyvə bağları ilə tanış olub, “Citrus Valley” aqroekoturizm kompleksinə baş çəkib. Nazirə məlumat verilib ki, ötən illər ərzində intensiv bağçılığa dövlət dəstəyinin genişlənməsi nəticəsində Lənkəranda yeni bağların salınmasına maraq artıb. Lənkəranda istehsal olunan sitrus meyvələrinə xarici bazarlarda tələbat çoxdur, logistika sisteminin qurulması məhsulları vaxtında xarici ölkələrə ixrac etməyə imkan verir.
Son illər Lənkəranda çiyələk yetişdirilməsinə də maraq çoxalıb. Çiyələk plantasiyalarının artması məşğulluğun təmin olunmasına da müsbət təsir göstərir. Təkcə Lənkərandakı çiyələk plantasiyalarında il ərzində 10 mindən artıq şəxs çalışır. Çiyələk yetişdiriciliyinin kifayət qədər gəlirli sahə olması Lənkəranda məhsul istehsalı, qablaşdırılması, saxlanması və ixracı infrastrukturunun formalaşmasına müsbət təsir göstərir. Hazırda Lənkəranın kəndlərində 20-yə yaxın müxtəlif ölçülü soyuducu anbarlar inşa olunub, eyni zamanda tara istehsalı sexləri fəaliyyət göstərir.
Bölgənin iqlim şəraiti, yeni bağların salınması aqroekoturizmin inkişafına da təsir göstərir. Respublikanın ən böyük aqroekoturizm mərkəzlərindən ikisi Lənkəranda yerləşir. Kənd turizminə maraq ildən-ilə artır, İstisu qəsəbəsində fəaliyyət göstərən “Citrus Valley” aqroekoturizm mərkəzini il ərzində 20 mindən artıq yerli və xarici vətəndaş ziyarət edib. Kompleksə gələn qonaqlar sitrus bağları ilə tanış olur, sitrus meyvələrindən hazırlanmış şirə, mürəbbə və turşuların dadına baxmaq imkanı əldə edirlər.
Lənkəranda keçirilən görüşlərdə yerli mütəxəssis hazırlığı, soyuducu anbarların sayının artırılması, məhsulun qablaşdırılması, ixrac coğrafiyasının genişləndirilməsi, beynəlxalq standartlara uyğun məhsul istehsalı, aqroekoturizmin inkişafı, assosiasiyaların fəaliyyətinin gücləndirilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə məsələləri ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydə alınıb.
Nazir Məcnun Məmmədov daha sonra Lerik rayonunda fəaliyyət göstərən təsərrüfatlara baş çəkib, Veri və Piran kəndlərində yaradılmış istixana kompleksi, quşçuluq müəssisəsi ilə tanış olub, ana arı yetişdiriciliyi ilə məşğul olan fermerlərlə görüşüb. Bildirilib ki, Lerik rayonunda kənd təsərrüfatının ənənəvi sahələrinin - kartofçuluğun, arıçılığın, bağçılığın genişləndirilməsi istiqamətində xeyli işlər görülüb. Dağlıq ərazilərdə dəmyə üsulu ilə yetişdirilən kartofa daxili bazarda çox böyük tələbat var, bu səbəbdən fermerlər kartof əkini sahələrini artırırlar. Eyni zamanda, Lerikdə üzümçülüyün və alma bağlarının bərpası istiqamətində də layihələr həyata keçirilir. Rayonda fermerlərin əsas ixtisaslaşdığı sahələrdən biri də arıçılıqdır, Lerikdə istehsal olunan arıçılıq məhsullarına respublikada böyük tələbat var. Son zamanlar lerikli fermerlər ana arı yetişdiriciliyinə də böyük maraq göstərirlər.
Fermerlərlə görüşdə rayonda tərəvəz və bostan məhsullarının əkininin stimullaşdırılması, yerli iqlim şəraitinə uyğun bağların salınması, arıçılığın inkişafı ətrafında fikir mübadiləsi aparılıb, dövlət dəstəyi mexanizmlərinin rayonda əsas məşğulluq sahəsi sayılan kənd təsərrüfatının inkişafına təkan verəcəyi bildirilib.