"Kənd yerlərində əhalinin rifahının yaxşılaşdırılması üçün məşğulluq imkanlarının araşdırılması" layihəsi çərçivəsində seminar keçirilib

2024-06-03

Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin təşkilatçılığı ilə FAO-nun Texniki Əməkdaşlıq Proqramı (TCP) üzrə maliyyələşdirilən "Kənd yerlərində əhalinin rifahının yaxşılaşdırılması üçün məşğulluq imkanlarının araşdırılması" layihəsi çərçivəsində seminar keçirilib. Seminarda Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Dövlət Məşğuluq Agentliyi (DMA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), eləcə də layihənin digər maraqlı tərəflərinin nümayəndələrinin iştirakı ilə kənd yerlərində məşğulluq imkanları müzakirə olunub.
Tədbirdə çıxış edən AKİA-nın Layihə və proqramlar şöbəsinin müdiri Fərid Əmirov kənd yerlərində məşğulluğun artırılması üçün gənclər və qadınlar da daxil olmaqla inkluziv dəstək siyasətinin həyata keçirilməsinin prioritet məsələ olduğunu qeyd edib. FAO-nun Azərbaycandakı ofisinin tərəfdaşlıq və proqram üzrə mütəxəssisi Aynur Seidyusif Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlığın davam etdiriləcəyini, həmçinin kənd təsərrüfatının inkişafı istiqamətində texniki məsləhət və tövsiyələr verməyə hazır olduqlarını bildirib.
FAO-nun beynəlxalq eksperti Giorgi Andquladze öz təqdimatında sahə üzrə dəyər zəncirlərinin seçilməsi və qiymətləndirilməsində istifadə olunan metodologiya və meyarlar, prioritet dəyər zəncirləri və onların seçilmə səbəblərindən bəhs edib. Ekspert potensial kənd-ərzaq dəyər zəncirinin təkmilləşdirilməsi üçün əsas təlimatlar və təklif olunan tövsiyələrlə bağlı məlumatları da iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, FAO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə üzrə yerli və beynəlxalq mütəxəssislər tərəfindən məşğulluq imkanlarının öyrənilməsi üçün aparılmış təhlillər əsasında müvafiq hesabatlar hazırlanıb. Xüsusilə Qarabağ və Naxçıvan iqtisadi rayonları üzrə müəyyənləşdirilən meyarlara əsasən hazırlanmış sənəddə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd yerlərində məşğulluq imkanları, yüksək ixrac potensiallı məhsullar, mümkün dəyər zənciri potensialı kimi 4 əsas meyar nəzərdə tutulub.
"Kənd yerlərində əhalinin rifahının yaxşılaşdırılması üçün məşğulluq imkanlarının araşdırılması" layihəsi Azərbaycanda kənd yerlərində, xüsusən gənclər, qadınlar və həssas qruplar üçün daha yüksək məşğulluq imkanlarına malik potensial kənd-ərzaq dəyər zəncirlərini müəyyənləşdirmək və inkişaf etdirmək məqsədilə həyata keçirilir.