Cenevrədə Kənd Təsərrüfatı Nazirliyi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
2024-10-23
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ölkəmizin kənd təsərrüfatı sektorunun potensialını gücləndirmək və beynəlxalq əməkdaşlığı dərinləşdirmək məqsədilə Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) rəhbər şəxsləri ilə görüşüblər.
Görüşdə Azərbaycan tərəfdən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı və Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Yusif Mədatov, WIPO-nun İnkişafda Keçid Ölkələri (TDC) bölməsinin direktoru Habip Asan, Qafqaz və Şərqi Avropa ölkələri üzrə şöbə rəhbəri İlya Qribkov iştirak ediblər.
Söhbət zamanı Habip Asan Azərbaycan nümayəndə heyətinə WIPO-nun ölkəmizdə həyata keçirdiyi fəaliyyətlər və layihələr haqqında məlumat verib. O, iki qurum arasında mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Bakıda keçiriləcək COP29-un iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə vacib hadisə olduğunu qeyd edib. WIPO-nun COP29-da böyük nümayəndə heyəti ilə iştirak edəcəyini deyən Habip Asan bu tədbirin qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açacağını bildirib.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Azərbaycanda aqrar sahənin sürətlə inkişaf etdiyini, ölkənin istehsal və ixrac gücünün artdığını diqqətə çatdırıb. Aqrar sektorun iqtisadiyyatın əsas istiqamətlərindən biri olduğunu qeyd edən nazir müavini dayanıqlı inkişaf və innovasiya sahələrində WIPO ilə əməkdaşlıq potensialının yüksək olduğunu diqqətə çatdırıb. İlhamə Qədimova WIPO nümayəndələrini Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün rəsmi təqdimat mərasiminə dəvət edib. Bildirilib ki, COP29 çərçivəsində noyabrın 19-da - Qida, Kənd Təsərrüfatı və Su Günündə keçiriləcək bu təqdimat iqlim dayanıqlılığına uyğun aqrar innovasiyaları dəstəkləmək məqsədi daşıyır.
Görüşdə gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və COP29 çərçivəsində birgə fəaliyyətlərin əlaqələndirilməsi məsələləri müzakirə olunub. Tərəflər bu tədbirlər çərçivəsində birgə fəaliyyət və yeni təşəbbüslərin irəli sürülməsinin əhəmiyyətini qeyd edib, belə görüşlərin Azərbaycanın kənd təsərrüfatı sektoru ilə beynəlxalq təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.