AQRO XƏBƏRLƏR

Nazir Məcnun Məmmədov FAO-nun Baş Direktoru Qu Dongyu ilə görüşüb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Direktoru Qu Dongyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. COP29-un Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda baş tutan görüşdə FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qonaqları salamlayan Nazir Məcnun Məmmədov COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Bildirilib ki, Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanın ən mühüm beynəlxalq tərəfdaşlarından biridir. Azərbaycan FAO ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və bu əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
FAO-nun Baş Direktoru Qu Dongyu öz növbəsində Azərbaycanla təşkilat arasında yüksək səviyyəli əlaqələrin qurulmasından məmnun olduğunu deyib. O qeyd edib ki, qlobal çağırışların təsirləri fonunda Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün daha dayanıqlı aqroərzaq sistemlərinin qurulması və bu istiqamətlərdə qlobal əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir. COP29 kimi tədbirlər aqrar sahənin inkişafı istiqamətində prioritetlərin müəyyənləşdirilməsi işinə mühüm töhfə verir. Qu Donqyu aqrar sahənin dayanıqlı inkişafı, səmərəli və peşəkar mütəxəssis bazasının formalaşdırılmasına yönəlmiş layihələrin bundan sonra da dəstəklənəcəyini vurğulayıb.
Tərəflər FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunub, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, aqrar sahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Sonda qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda COP29 çərçivəsində “Qida və Kənd Təsərrüfatı üçün Davamlı Transformasiya" (FAST) təşəbbüsünə daxil edilmiş “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” ilə bağlı əməkdaşlığın gücləndirilməsinə dair Niyyət Bəyannaməsi imzalanıb.