AQRO XƏBƏRLƏR

COP29 çərçivəsində “İslam İnişaf Bankına üzv ölkələrdə iqlimə dayanıqlı su investisiyalarının maliyyələşdirilməsi” mövzusunda müzakirələr keçirilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “İslam İnişaf Bankına üzv ölkələrdə iqlimə dayanıqlı su investisiyalarının maliyyələşdirilməsi” mövzusunda müzakirələr keçirilib.
“Mavi zona”da yerləşən İslam İnkişaf Bankı Qrup pavilyonunda baş tutan tədbirdə İİB-ə üzv ölkələrdə iqlim dəyişikliyinin su resurslarına təsirlərini azaltmaq və iqlimə dayanıqlı su investisiyalarını gücləndirmək üçün maliyyələşdirmə strategiyaları müzakirə olunub.
Müzakirələrdə Azərbaycanın kənd təsərrüfat naziri Məcnun Məmmədov, Qazaxıstan Respublikası baş nazirinin müavini və milli iqtisadiyyat naziri Nurlan Baybazarov, İslam İnkişaf Bankı Qrupunun Sədri Məhəmməd Əl-Cəssər iqlim dəyişkənliyinin yaratdığı təzyiqlərin artdığı bir dövrdə su resurslarının idarə olunması sahəsində öz ölkələrinin səylərini və regional təşəbbüslər haqqında fikirlərini bölüşüblər.
Panel müzakirələrdə çıxış edən Beynəlxalq Su İdarəetmə İnstitutunun baş direktoru Mark Smit, Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin regional əməkdaşlıq və inteqrasiya üzrə rəhbəri Lyaziza Sabirova çıxış edərək su resurslarının iqlim dəyişikliklərinə uyğunlaşması sahəsində aparıcı yanaşmalar və Azərbaycanda davam edən təşəbbüslər haqqında məlumat veriblər.
İslam İnkişaf Bankının Davamlılıq və İqlim Fəaliyyəti Departamentinin direktoru Seyid Hüseyn Quadri tərəfindən idarə olunan sessiyada, iqlimə dayanıqlı su infrastrukturunun dəstəklənməsi üçün ictimai sektor və özəl sektor arasında tərəfdaşlıqlar, maliyyələşdirmə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçılar qeyd edibər ki, keçirilən panel müzakirələr regional əməkdaşlığın genişləndirilməsi və dayanıqlı su idarəetməsinin təmin edilməsi üçün maliyyə resurslarının səfərbər edilməsi istiqamətində COP29-un iqlimə dayanıqlı inkişaf və davamlılıq hədəfləri ilə uyğunluq təşkil edir. Bu müzakirələr iştirakçı dövlətlərdə dayanıqlı su idarəetməsinin daha təkmil formada təşkili üçün təcrübi baza rolunu oynayacaq.