Azərbaycan heyvan xəstəlikləri üzrə beynəlxalq konfransda təmsil olunub
Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində heyvan xəstəlikləri üzrə tədqiqat işçilərinin beynəlxalq konfransı keçirilib. Dünyanın müxəlif ölkələrindən 500-dən çox alim və mütəxəssisin iştirak etdiyi tədbirin məqsədi heyvan xəstəlikləri üzrə müasir elmi-tədqiqat nailiyyətlərini müzakirə etmək və bu sahədə təcrübə mübadiləsi aparmaqdır.
Konfransda baytarlıq sahəsində əldə olunan elmi naliyyətlər, profilaktiki vaksinasiya tədbirləri, baytarlıq laboratoriyalarının fəaliyyəti, yoluxucu heyvan xəstəlikləri ilə mübarizə tədbirləri ətraflı müzakirə olunub. Konfransda Azərbaycanı 3-cü Biotəhlükəsizlik üzrə referens laboratoriyasının direktoru Şəlalə Zeynalova təmsil edib.
Tədbirdə Azərbaycanda brusellyoz, quduzluq və quş qripi xəstəliklərinə qarşı mübarizə tədbirləri, bu sahədə əldə olunan elmi nailiyyətlər barədə təqdimatlar keçirilib. Şəlalə Zeynalova baytarlıq sahəsində həyata keçirilən institusional dəyişikliklər, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti, baytarlıq laboratoriyalarının iş prinsipi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Konfransda yoluxucu heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, baytarlıq sahəsində epidemiyaların qarşısının alınması, aşkar edilməsi, baytarlıq laboratoriya fəaliyyətləri üzrə nümunələrin qəbulu, emalı, daşınması, laboratoriya diaqnostikası sahəsində təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.