AQRO XƏBƏRLƏR

“Aqrar sahədə əməyin mühafizəsi” mövzusunda konfrans keçirilib

Bakıda 28 aprel – Ümumdünya əməyin mühafizəsi günü ilə əlaqədar “Aqrar sahədə əməyin mühafizəsi” mövzusuna həsr olunmuş konfrans keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, Dövlət Əmək Müfəttişliyi Xidməti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə Nümayəndəliyinin əməkdaşları və Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının nümayəndələri iştirak edib. Konfransın əsas məqsədi aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl müəssisələrdə əməyin təhlükəsizliyi məsələsini diqqətdə saxlamaq, bərabərlik və təhlükəsizlik şəraitində layiqli, məhsuldar əməyin tətbiqi, aqrar sahədə çalışan şəxslərin maarifləndirilməsi istiqamətində fikir mübadiləsi aparmaqdır.
Tədbiri giriş sözü ilə açan Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov bildirib ki, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təşkili mühüm əhəmiyyət daşıyır. Konfransda çıxış edən BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov sağlam iş şəraiti və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində görülən işlərə toxunub. Tədbir iştirakçılarına ölkəmizdə əməyin mühafizəsinin təşkili və təmini istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bu istiqamətdə həmkarlar ittifaqlarının rolundan bəhs olunub. Vurğulanıb ki, işəgötürənlər həmkarlar ittifaqı komitələri ilə birlikdə əməyin təhlükəsizliyinin təmin olunması, işçilərin sağlamlığının və iş qabiliyyətinin saxlanılmasına yönəlmiş kompleks tədbirlər həyata keçirir.
Konfrans öz işini “Əməyin mühafizəsi sahəsində sosial tərəfdaşlar arasında əməkdaşlıq” və “Aqrar sahədə əməyin mühafizəsi” mövzularına həsr edilmiş panel müzakirələrlə davam etdirib. Panel müzakirələrdə çıxış edən dövlət qurumlarının rəsmiləri əməyin mühafizəsi, işçilərin sağlamlığının və iş qabiliyyətinin saxlanılması, işçilərin layiqli əmək şəraiti ilə təmin olunması ilə bağlı sosial tərəfdaşların gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı təqdimat ediblər. Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması və təcrübə mübadiləsinin aparılması işlərinin mütəmadi davam etdirilməsinin zəruri olduğu vurğulanıb. Təqdimatlardan sonra əməyin mühafizəsinin təşkili mövzusu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.  
Tədbirin sonunda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının, özəl müəssisələrin nümayəndələri fəxri diplomlarla təltif olunublar.