Barama

                                                                   “Barama subsidiyanın verilməsi” xidmətinə dair  reqlament
1.  Xidmətin adı
Barama subsidiyasının verilməsi.
2.    Xidmətin məzmunu
Ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə subsidiyanın verilməsi.
3.    Xidməti həyata keçirən qurumun və (və ya) struktur bölmənin adı
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – AKİA), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri (bundan sonra – DAİM).
4.    Xidmətin icrasında iştirak edən digər qurum və ya struktur bölmənin adı
“ASAN xidmət” mərkəzləri, KOB evləri.
5.    Xidmətin hüquqi əsası
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın (bundan sonra – Qayda) 1.2.14-cü yarımbəndi və 4.3-cü bəndi.
6.    Xidmətin həyata keçirilmə formaları
·         Elektron müraciət və nəticənin elektron təqdim edilməsi;
·         Xidmət yerinə gəlməklə müraciət və nəticənin elektron təqdim olunması.
7.    Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
·         Şəxsi kabinet vasitəsilə məlumatlandırma;
·         SMS vasitəsilə məlumatlandırma.
8.    Xidmətin həyata keçirilməsinin nəticəsi
Subsidiyanın verilməsi.
9.    Xidmət istifadəçisi barədə məlumat
Fiziki və hüquqi şəxslər (kümçü fermer).
 
Qeyd: Kümçü fermer – Barama istehsal edərək satan və “ASAN Login” vasitəsilə “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçən şəxsdir.
10. Xidmətin həyata keçirilməsi müddəti
Məlumatlar DAİM tərəfindən təsdiq edildikdən sonra 15 iş günü ərzində.
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
Real vaxt rejimində.
12. Xidmətin göstərilmə yeri
EKTİS (elektron kabinet vasitəsilə), DAİM, “ASAN xidmət” mərkəzləri və ya KOB evləri.
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
Qaydanın 2.10-cu, 4.3-cü bəndləri və 4.4.4-cü yarımbəndinə əsasən subsidiyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:
·         kümçü fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;
·         təhvil verilən yaş barama əyrilən və ya karapaçax olduqda;
·         tələb olunan məlumatlar və sənədlər EKTİS-ə düzgün və ya vaxtında təqdim edilmədikdə.
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
·         Bəyannamə – Elektron formada;
·          İstehsal edilən yaş baramanın tədarükçülərə təhvil verilməsini təsdiq edən sənəd – Elektron formada;
·          Tədarükçülərin kümçü fermerlərdən tədarük etdikləri yaş barama barədə məlumatlar (qəbul məntəqəsi, baramanın növü, çəkisi, təhvil alma tarixi) – Elektron formada.
15. Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Ödənişsizdir.
16. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
Addım 1. EKTİS-də qeydiyyatdan keçib kümçü fermer statusunun alınması
Yaş barama (əyrilən və karapaçax barama istisna olmaqla) istehsal edərək satmaq istəyən istənilən fiziki və ya hüquqi şəxs EKTİS-də qeydiyyatdan keçməklə kümçü fermer statusu ala bilər. Şəxs EKTİS-də birbaşa olaraq www.eagro.az saytı vasitəsilə kümxanası barədə (kümxananın tipi, inzibati ərazisi, sahəsi (m²) və mövcud tut ağaclarının sayı) məlumatarı EKTİS-ə daxil etməklə özü qeydiyyatdan keçə və ya xidmət yerinə şəxsiyyət vəsiqəsi və mobil telefonu ilə gələrək müvafiq məlumatları təqdim etməklə “ASAN Login” vasitəsilə qeydiyyatdan keçə bilər.
 
Addım 2. Barama toxumu və tut ipəkqurdunun alınması
Kümçü fermer hər il mart ayı ərzində dirildilmiş tut ipəkqurdu almaq üçün EKTİS üzərindən müraciət edir aldığı dirildilmiş tut ipəkqurdları barədə informasiyanı hər il 10 aprel – 15 may tarixləri arasında EKTİS-də bəyan edir. Alış EKTİS vasitəsilə həyata keçirilibsə, bu barədə informasiya avtomatlaşdırılmış qaydada kümçü fermerin şəxsi kabinetində əks olunur.
 
Addım 3. Yaş baramanın tədarükçüyə təhvil verilməsi
Kümçü fermer istehsal etdiyi yaş baramanı tədarükçüyə təhvil verir. Təhvil verilən yaş baramanın miqdarı ilə bağlı kümçü fermer tərəfindən qəbzin surəti, tədarükçü tərəfindən isə elektron məlumat hər il iyunun 30-dək EKTİS-ə daxil edilir.
 
Addım 4. Subsidiyanın hesablanması
EKTİS-ə daxil edilən məlumatlar əsasında elektron bəyannamə formalaşır və kümçü fermerin şəxsi kabinetində “Subsidiyalar” bölməsində əks olunur. Yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 6 manat məbləğində subsidiya hesablanır.
 
Addım 5. Müraciətin təsdiq edilməsi
Kümçü fermer 1-15 iyul tarixləri arasında şəxsi kabinetində əks olunan elektron bəyannamədəki (ərizə) məlumatlarla razılaşırsa, subsidiyaya müraciətini təsdiq edir. Razılaşmadığı təqdirdə isə EKTİS vasitəsilə tədarükçüyə və ya DAİM-ə müraciət edir və məsələ aydınlaşdırıldıqdan sonra 15 gün müddətində müraciətini təsdiq edir. Kümçü fermer tərəfindən təsdiq edilən elektron bəyannamə real vaxt rejimində DAİM-ə daxil olur və DAİM tərəfindən 3 gün müddətində təsdiq edilir.
 
Addım 6. Subsidiyanın ödənilməsi
Barama subsidiyasına müraciətlər qəbul edildikdən sonra onlar “ödənişə hazırdır” statusuna keçir və 15 iş günü müddətində AKİA tərəfindən müvəkkil banka ödəniş tapşırıqları göndərilərək “ödənişə hazırdır” statusunda olan müraciətlər üzrə barama subsidiyasının məbləği kümçü fermerlərin kart hesablarına köçürülür və bu barədə onlara bank tərəfindən SMS vasitəsilə məlumatlar göndərilir.
Kümçü fermerin EKTİS-ə yanlış məlumat daxil etməsi subsidiya ödənişi aparıldıqdan sonra müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi tətbiq edilir. Kümçü fermer subsidiya qaydalarını pozmaqla ilk dəfə belə hərəkətə yol verdikdə səhv ödənilən vəsait onun tərəfindən könüllü şəkildə geri qaytarıldığı təqdirdə ona xəbərdarlıq edilir. İlk dəfə belə hərəkətə yol vermiş kümçü fermer tərəfindən səhv ödənilən vəsait könüllü şəkildə geri qaytarılmadıqda, habelə onun tərəfindən ikinci dəfə belə hərəkətlərə yol verildikdə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) fiziki şəxslərə münasibətdə 2 misli miqdarında, hüquqi şəxslərə münasibətdə 3 misli miqdarında cərimə tətbiq edilir. Belə hərəkətlərə 3-cü və ya daha artıq hallarda yol verildiyi təqdirdə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 misli miqdarında kümçü fermerlərə (fiziki və hüquqi şəxslərə) cərimə tətbiq edilir.
Kümçü fermer Qaydanın tələblərini pozduqda, habelə subsidiya üçün müraciət etmədikdə ona subsidiya ödənilmir və təqvim ili ərzində büdcədən ayrılan subsidiya məbləği büdcəyə geri qaytarılır.
17. Xidmətdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
Kümçü fermer göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada poçt rabitəsi vasitəsilə, elektron üsulla və ya şəxsən DAİM-ə, DAİM-in qərarlarından AKİA-ya şikayət verə bilər. Şikayət kağız üzərində və ya EKTİS-də elektron kabinet vasitəsilə tərtib oluna bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır və şikayətə həmin Qanunun 78-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ay müddətinə baxılır.
18. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemi və ehtiyatları
EKTİS.
19. Xidmətin elektronlaşdırılma səviyyəsi
Tam elektronlaşdırılıb.
20. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
Qismən avtomatlaşdırılıb.
21. Xidmətin elektron ünvanı
https://eagro.az/