AQRO XƏBƏRLƏR

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Xızıda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev iyunun 7-də, Xızı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xızı rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
Qəbulda vətəndaşların müraciətləri əsasən heyvan (buzov) subsidiyası, güzəştli şərtlərlə kreditlərin verilməsi və digər məsələlərlə bağlı olub. AKİA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Seymur Mövlayev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Əvvəlcə Seymur Mövlayev iribuynuzlu heyvandarlıq təsərrüfatında mövcud şəraitlə tanış olub, dövlət dəstəyi ilə alınan heyvanların artırılması və təsərrüfatın daha da inkişaf etdirilməsi üçün öz tövsiyələrini verib.
Sonra AKİA sədri yeni salınan zeytun bağına baş çəkib, burada fermerin ehtiyacları ilə maraqlanıb və əlavə dövlət dəstəyi mexanizmlərindən danışıb.