Təkrar əkin - Ən çox verilən suallar
Sual: Təkrar əkin subsidiyası nədir?
Cavab: Payızlıq əkin və ya yazlıq əkin aparan və EKTİS-də bəyan edən şəxsin ilk əkindən olan məhsulunu topladıqdan sonra yay ayları ərzində apardığı ikinci əkin - qarğıdalı, günəbaxan, soya, darı, yem üçün sorqo və kartof olduqda, həmin əkinlərin hektarına 86 manat olaraq verilən əlavə əkin subsidiyasıdır.
Sual: Təkrar əkin aparan şəxs nə vaxt, necə və hara müraciət etməlidir?
Cavab: 1 iyun – 31 avqust tarixləri arasında təkrar əkin aparan şəxs bəyanını EKTİS-ə daxil etməlidir. Bunu şəxs www.eagro.gov.az fermer kabinetindən bilavasitə özü həyata keçirə bilər və ya DAİM, habelə “ASAN xidmət” mərkəzlərinin yardımı ilə bəyanı sistemə daxil edilər.
Sual: Təkrar əkin subsidiyasına müraciət edən şəxs mütləq ilk əkin subsidiyasını almış olmalıdır?
Cavab: Xeyr, ilk əkin üçün əkin subsidiyası ala bilməmiş şəxslər də təkrar əkin subsidiyasına müraciət edə bilər. Əsas şərt ilk əkin barədə bəyanın EKTİS-ə daxil edilmiş olmasıdır.
Sual: İlk əkin hansı bitkilərdən ibarət olmalıdır?
Cavab: İlk əkinin hansı bitki olması ilə bağlı şərt müəyyən edilməmişdir.
Sual: Təkrar əkin hansı bitkilərdən ibarət olmalıdır?
Cavab: Günəbaxan, qarğıdalı, soya, darı, yem üçün sorqo, kartof bitkilərindən biri və ya bir neçəsi əkilərsə təkrar əkin subsidiyasına müraciət edilə bilər.
Sual: Müraciət müddəti ötürülsə nə olacaq?
Cavab: 1 iyun-31 avqust arasında müraciət edilməzsə təkrar əkin subsidiyası verilməyəcək.
Sual: Təkrar əkin müxtəlif ərazilərə bəyan edilə bilərmi?
Cavab: Xeyr, təkrar əkin ilk əkin aparılan əraziyə bəyan edilməli və EKTİS-də xəritə üzərində ərazi çəkilməlidir. Çəkməni bilavasitə apara bilməyən fermerlər DAİM-lərdən kömək istəyə bilərlər.
Sual: Təkrar əkin subsidiya məbləği ?
Cavab: Təkrar əkin subsidiya məbləği 100 AZN-dır.
Sual: Təkrar əkin subsidiya ödənişləri nə vaxt aparılacaq?
Cavab: Müraciətlər toplandıqdan və monitorinqlər aparıldıqdan sonra sentyabr ayından başlayaraq ödənişlər həyata keçiriləcək.
Sual: Təkrar əkin subsidiyası necə ödəniləcək?
Cavab: Təkrar əkin subsidiyası fermer kartına köçürüləcəkdir.
Sual: Təkrar əkin subsidiyasını nağdlaşdıraraq istifadə edə bilərəmmi?
Cavab: Təkrar əkin subsidiyası əkin subsidiyası kateqoriyasında olduğu üçün 25% -i nağdlaşdırılaraq istifadə edilir, 75%-i əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün istifadə olunur.
Sual: Subsidiya məbləğini fermer kartımda hansı müddətə saxlaya bilərəm?
Cavab: Ən çox 2 il. İki il ərzində istifadə edilməyən subsidiya məbləği varsa bu barədə fermerə xəbərdarlıq göndərilir, növbəti 3 ay ərzində istifadə edilməzsə fermerə yeni subsidiya verilmir.